b69e854c-c391-4bbc-9900-b2c77080f380..jpg

Bakıda ustanın başını kəsib soyuducuya qoydular: Qandonduran qətlin TƏFƏRRÜATLARI – FOTO

Baxış sayı: 928 dəfə baxılıb.

Bakıda ustanın başını kəsib soyuducuya qoydular: Qandonduran qətlin
TƏFƏRRÜATLARI – FOTO

1998-ci il aprel ayında Bakı şəhəri S.Əsgərova küçəsi, 117 ünvanında yerləşən
Bakı Balıq Hisləmə zavodunun 2 saylı sexində qətl hadisəsi olub. Zavodun hazır
məhsullar anbarında olan soyuducuda ayaqları qapı tərəfə, başı əks istiqamətdə,
qara rəngli polietilen torbada kişi meyiti aşkar edilib. Meyitə baxış zamanı
məlum olub ki, qətlə yetirilən şəxs Masallı rayonunda anadan olan 1953-cü il
təvəllüdlü Mübariz Rəsulovdur.

Faktla bağlı həmin il avqust ayında Nəsimi rayon Prokurorluğunda şübhəli şəxs
Elnur Abbasov barəsində köhnə Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı
hissəsi (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 109-cu (zorlama) maddəsi və
hazırda qüvvədə olan 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi
açılıb. Ancaq E. Abbasov gizləndiyi üçün onu istintaqa təhvil vermək mümkün
olmayıb.

2022-ci il fevralın 25-də Baş Prokurorluğun yaydığı məlumata görə, 2019-cu il
fevralın 12-də Şirvan şəhər Polis Şöbəsindən daxil olan məktubdan görünüb ki,
Rusiyanın Voloqda vilayəti üzrə İslah koloniyasında Yaşar Yaqubovdan izahat
alınıb. İzahatda həmin şəxs başqa adla cəza çəkdiyini göstərib. Əsl ad-soyadı
Elnur Abbasovdur. 1979-cu ildə Şirvan şəhərində anadan olub. 1998-ci ildə
Bakıda qətl törədib. 2-3 ay Azərbaycanda gizlənib. Şirvanda bərbərxanada olanda
1983-cü il təvəllüdlü Yaqubov Yaşar Yaqubcan oğlunun adına doğum haqqında
şəhadətnamə tapıb və sərhədi keçərək, Rusiya ərazisində yaşayıb. Həmin il
cinayət işi üzrə icraat təzələnib. Məlum olub ki, 2017-ci ildə Elnur Abbasov
Sankt-Peterburq şəhəri, Petroqrad rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü
ilə RF CM-nin 162-ci (quldurluq) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum
olunub.

İstintaq fotosu

2022-ci il fevralın 24-də Elnur Abbasov Rusiyadan Azərbaycana ekstradisiya
edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, aprelin 22-də Elnur Abbasov qeyri-rəsmi
mühafizəçi işlədiyi Balıq Hisləmə zavodunun 2 saylı sexində usta Mübariz
Rəsulova, iş yerinə yüngül həyat tərzi keçirən qadınlar gətirdiyi üçün ona
iradını bildirib. Aralarında yaranmış sözlü mübahisə əlbəyaxa davaya keçib.
Mübariz Rəsulov masanın üzərindən götürdüyü bıçaqla Elnura yüngül dərəcəli
xəsarət yetirdikdə, Elnur Abbasov otaqdan çıxıb, digər otağa qaçıb və ordan
kustar üsulla hazırlanmış bıçağı götürüb. Arxasınca gələn Mübariz Rəsulovun
qarın nahiyəsinə çoxsaylı zərbələr vuraraq, onu yerə yıxıb. Ardınca, yerdə
uzanıqlı vəziyyətdə olan Rəsulovun döş və qarnına zərbələr endirib. Elnur
Abbasov əlindəki bıçaq yerə düşəndə, Mübariz Rəsulovun əlindəki bıçağı
götürərək, onun başına və üzünə xəsarətlər yetirib. Bu hərəkəti ilə
zərərçəkmişi qəsdən, xüsusi amansızlıqla öldürüb. Daha sonra törətdiyi
cinayətin izini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək, meyitini
torbaya yerləşdirib və sexdəki soyuducuya qoyaraq, gizlədib.

Hadisə olan zavod

İş üzrə dindirilmiş Elnur Abbasov bildirib ki, 1998-ci ilin fevral ayında
tanışı Anar Əliyevin vasitəsi ilə onun dayısı Mübariz Rəsulovun işlədiyi Balıq
Hisləmə zavodunda mühafizəçi kimi çalışmağa başlayıb. Onun konkret iş saatı
olmayıb, gün ərzində sexdə olub, gecə də orda otaqda qalıb:

“Mübariz Rəsulov yeyib içən, zarafatcıl insan idi. Aprelin 22-i səhər saat 11
radələrində darvazanı açanda Mübarizlə 30-35 yaşlı qadın sexə daxil olaraq,
otağa keçdilər. 1 saatdan sonra Mübariz otaqdan çıxanda, ona hər dəfə zavoda
bir qızla gəldiyini, ətrafda yaşayış evləri olduğunu və camaatın narazılıq
etdiyini dedim. Mənim və sakinlərin ünvanına nalayiq ifadələr işlədəndə, mən də
onu söydüm. Rəsulov üzərimə gələndə, cəld sağ əlimlə üzünə yumruqla vurdum.
Mübariz otaqdakı bıçaq götürüb yuxarıdan aşağı zərbə vurmaq istəyəndə əlimi
qabağa verdim və sol qolumdan xəsarət aldım. Otaqdan çıxıb qaçdım. Əlüzyuyanın
yanında, balıq soymaq üçün istifadə olunan bıçağı götürdüm. Arxasınca əlində
bıçaqla gələn Mübarizə tərəf çevrildim. Qarınına bir neçə dəfə zərbə vurdum.
Onunla yanaşı yıxılaraq, zərbələr vurmaqda davam etdim. Yerdə süpürləşəndə
Mübariz əlindəki bıçaqla sağ döş nahiyəmə xəsarət yetirdi. Mübarizin bıçaq olan
əlindən tutdum, öz bıçağımla başına və boynuna çoxsaylı zərbələr endirdim”.

Hadisə olan ərazi

Hər ikisinin əlində olan bıçaqlar yerə düşüb. Mübarizin bıçağı Elnura yaxın
olduğu üçün götürüb ona axırıncı zərbələri vurub:

“Qanın içində olan Mübarizin artıq öldüyünü gördüm. Sexdən əski parçaları
tapıb yaramı sarıdım. Mübarizin meyitini torbaya salıb böyük soyuducuya qoydum
və qapını bağladım. Mübarizlə gələn Mətanət adlı qadın uşaqlarının olmasını
söyləyərək, onu öldürməməyimi xahiş etdi. Həmin qadını öldürmək fikrim yox idi.
Ona heç kimə heç nə deməməsini tapşırdım. Sonra Mətanət sexdən çıxıb getdi. Qan
olan yerləri yudum. Paltarımı dəyişdim, qanlı paltarlarımı zibil yeşiyinə
atdım. Bıçaqları əlüzyuyanın yanına qoydum”.

Mübariz Rəsulovun meyiti

Gecə saat 1 radələrində zavodun zəngi çalınıb. Qapını açanda Anar Gözəlovun
gəldiyini görüb. Anar arada gecələr gəlib, onunla qalıb:

“Ona Mübarizi öldürməyimi danışaraq, meyitini zavoddan çıxarmaqda köməklik
göstərməsini istədim. Amma Anar bundan imtina edərək, qorxusundan çıxıb getdi.
Səhər saat 7 radələrində paltarlarımı yığıb, zavoddan çıxanda iş yoldaşım
Mövlan Ağayev gəldi. Əli-Bayramlı şəhərinə yollandım. Ailə üzvlərimə adam
öldürməyimlə bağlı heç nə demədim. Bir-iki gündən sonra Bakıya qayıtdım.
Mübarizin meyiti hələ tapılmamışdı. Müstəntiqə onun itkin düşməsi ilə bağlı
izahat verdim. Tanışlarımdan Anar Gözəlovun tutulduğunu eşidəndə qorxub yenidən
Əli-Bayramlıya getdim. Həmin ilin iyun ayında orda xatırlamadığım kişi
salonunda ad-soyadı Yaşar Yaqubova aid doğum haqqında şəhadətnamə tapdım.
Qatarla Moskva şəhərinə getdi, orda Yaşar adlı şəxsin sənədi ilə yaşamağa
başladım. Yaşar Yaqubovu heç vaxt görməmişəm”.

Elnur Abbasov əlavə edib ki, aprelin 22-də Mübariz Rəsulovun arvadı iş yerinə
zəng edib, yoldaşını soruşub. O da Mübarizin zavoda gəlib-getdiyini deyib.
Çünki Rəsulov həmin vaxt başqa otaqda qadınla olub və evdən zəng gəlsə, onun
işdə olmadığını söyləməsini tapşırıb. Anar Gözəlov meyiti görməyib. Elnur ona
təklif edib ki, benzin alıb cəsədi yandırsınlar. Lakin Anar onunla
razılaşmayıb. E. Abbasov törətdiyi əməldən peşimandır.

İstintaq fotosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Rəsulova ifadəsində göstərib ki,
1990-cı ildə Mübariz Rəsulovla ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya
gəlib:

“Ərim Bakı Balıq Hisləmə Zavodunda usta işləyirdi. 1998-ci il aprelin 22-də
Mübariz saat 16 radələrində işə getdi. Həmin gündən də evə qayıtmadı. 2 dəfə iş
yerinə zəng edəndə Elnur adlı mühafizəçi Mübarizin sexdə olmadığını bildirdi.
Səhərisi gün zavoda zəng edəndə Mövlan adlı mühafizəçi yoldaşımın işə
gəlmədiyini dedi. Aprelin 26-da Mübarizin bıçaq xəsarətləri olan meyiti
işlədiyi sexin soyuducusunda aşkar edilib. Onun qətlinə görə tutulan Anar
Gözəlov bir müddətdən sonra azad edilib. Mübariz hadisədən 10 gün əvvəl mal
almaq üçün evdən 4000 dollar pul götürmüşdü. Evdən çıxan gün üzərində nə gədər
pul olmasını dəqiq bilmirəm. Lakin barmağında qızıl üzüyü var idi. Ərimi Elnur
Abbasov tək öldürməyib”.

Şahid Mətanət Səfərova ifadələsində göstərib ki, Mübariz Rəsulovla 1998-ci
ilin aprel ayında tanış olub:

“Aprelin 22-də axşam şəhərdə görüşüb onun iş yerinə getdik. Otaqların birində
onunla intim əlaqədə oldum. Çölə çıxıb yerdə qan ləkələrini görüb bərk qorxdum.
Əlində bıçaq olan Elnur adlı mühafizəçi məni öldürəcəyini bildirəndə,
uşaqlarımın şəklini göstərib, ona yalvardım. Həmin şəxsin mənə təqdim olunan
Elnur Abbasov olmasını əminliklə söyləyə bilmirəm. Hadisədən uzun müddət
keçdiyindən məni hədələyən şəxsin əlamətlərini xatırlamıram. Həmin gün Mübariz
Rəsulovdan başqa heç kimlə cinsi əlaqədə olmamışam. Elnurun Mübarizi bıçaqla
vurmasını görməmişəm”.

Mübarizin meyiti

Şahid Anar Gözəlov bildirib ki, dostu Anar Əliyevin köməkliyi ilə onun dayısı
Mübariz Rəsulovun işlədiyi zavodda fəhlə kimi çalışıb:

“O vaxt Bədən Tərbiyə İdman Akademiyasının 2-ci kursunda oxuyurdum. Saat 2-də
dərslərim qurtarandan sonra işə gedirdim. Aprelin 22-də Elnur Abbasov Mübariz
Rəsulovu öldürdüyünü deyib meyiti gizlətməkdə ona köməklik etməyimi xahiş etdi.
Elnura məni bu işə qatmamasını, ən yaxşısı gedib polisə təslim olmasını
bildirdim. Meyiti, həmçinin sexdə Mətanət adlı qadını görməmişəm. Qorxduğumdan
çıxıb evə getdim. Bu barədə heç kimə heç nə demədim. 4-5 gündən sonra məni
21-ci bölməyə apardılar və orda ifadə verdim ki, guya Mübariz Rəsulovu mən
qətlə yetirmişəm. Lakin istintaqda bu sübuta yetirilmədi. Cinayəti bilib
gizlətməyimə görə məsuliyyətə cəlb olundum”.

Şahid Mövlan Ağayev bildirib ki, aprelin 24-də Mübariz Rəsulovun Təyyar və
Yusif adlı dayıları işlədiyi zavoda gəlib, Mübarizin yoxa çıxdığını deyiblər:

“Bir müddətdən sonra 21-ci bölmənin əməkdaşları gələrək, əraziyə baxış
keçirdilər. Qapı açarla bağlı olduğu üçün soyuducunun içinə baxa bilmədilər.
Səhərisi gün Elnur Abbasov da yoxa çıxdı. Ayın 26-da polis əməkdaşları yenə də
zavoda gələrək, soyuducunu açmaq lazım olduğunu bildirdilər. Köməkləşib,
soyuducunun qıfılını kəsəndə, torbanın içində buzlanmış vəziyyətdə Mübarizin
meyiti aşkar olundu”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə
müəssiəsində çəkməklə Elnur Abbasov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Source link