181398be-52f4-48b9-a788-8be35bcf7425..jpg

Bakıda və regionlarda “KOB Fest” təşkil olunacaq

Baxış sayı: 1. 594 dəfə baxılıb.

Bakıda və regionlarda “KOB Fest” təşkil olunacaq

Bakıda və ölkə regionlarında mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul
və xidmətlərindən ibarət sərgi-satış yarmarkaları – “KOB Fest” keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən
(KOBİA) verilən məlumata görə, KOBİA-nın dəstəyi ilə təşkil olunacaq
yarmarkaların məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi
məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və
satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli
istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar
KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar
və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna
aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də
hədəfləyir.

İlk “KOB Fest” – sərgi-satış yarmarkası 25-26 aprel tarixlərində
“İçərişəhər”də təşkil olunacaq. 25 aprel – Sahibkarlar Gününə həsr ediləcək
yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları,
sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən
göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və
xidmətləri ilə yarmarkada təmsil olunacaqlar. Yarmarka çərçivəsində həmçinin,
sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətləri
göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və
sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik
sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron
qaydada qəbul olunur:https://smb.gov.az/az/contact-form/exhibition-form/1

KOBİA Bakı sakinlərini və şəhərimizin qonaqlarını 25-26 aprel tarixlərində
“İçərişəhər”də (Qoşa Qala Meydanı) keçiriləcək “KOB Fest” – sərgi-satış
yarmarkasına dəvət edir.

Source link