Bakıda vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə noyabrın 7-də “Badamdar
Estates” mehmanxanasında Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri,
VK-nın Vətən müharibəsində iştirak etmiş üzvləri, KİV nümayəndələrinin iştirakı
ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli
andiçmə mərasimi keçirilib.
VK-nin sədri Anar Bağırov tədbiri açıq elan edib. Sonra Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını qurban verən
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət
Himni və Vəkil Marşı səsləndirilib.
Daha sonra açılış nitqi ilə çıxış edən Anar Bağırov 8 Noyabr – Zəfər Günü və 9
Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hər kəsi təbrik edib, Azərbaycanda
vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan
danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən
müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində
torpaqlarımızın işğaldan azad olunduğunu, rəşadətli ordumuzun dövlət başçısının
çağırışına müsbət cavab verdiyini, ordumuzda fərarilik müşahidə olunmadığını,
müharibə zamanı VK-nın 9 üzvünün iştirak etdiyini, o cümlədən ölkəmizin haqlı
mövqeyini müdafiə etmək üçün təcrübəmizdən, imkanlarımızdan istifadə edərək,
hesabatlar hazırlayıb və onları bütün beynəlxalq təşkilatlara göndərildiyini
diqqətə çatdırıb. A.Bağırov həmçinin Vəkillər Kollegiyasının Akademiyasının
təsis olunmasını barədə tədbir iştirakçılarına məlumat verib, Akademiyanın
təsisini yüksək qiymətləndirdiyini qeyd edib.
Sədr nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək VK üzvlüyünə qəbulla bağlı 12
yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4750 namizəddən
1450 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə
başa vuraraq vəkil andı içib.
Anar Bağırov deyib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və
icbari təlimi uğurla başa vurmuş 51 namizəd vəkil andı içərək Kollegiyaya qəbul
olunublar: “Beləliklə, vəkillərin sayı 2387 nəfərə çatıb. Hazırda andiçmə
mərasimində iştirak edən vəkillərdən 34 nəfəri kişi, 17 nəfəri isə qadındır.
Bununla da qadın vəkillərin sayı 415 nəfər olmaqla ümumi vəkillərin 18%-ni
təşkil etməkdədirlər. Vəkillərdən 4 nəfəri regionlarda, 47 nəfəri isə Bakıda
fəaliyyət göstərəcək”.
O, eyni zamanda hüquq elmləri doktoru Həsənzadə Səidə Bəhram qızının
qanunvericiliyin tələbinə uyğun olaraq yazılı testi vermədən, şifahi
müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə
buraxıldığını qeyd edib.
Həmçinin tədbirdə VK-nın İxtisas komissiyasının sədri, h.e.d Turqay Hüseynov
və Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d Əmir Əliyev çıxış edərək
andiçmə mərasimində iştirak edən vəkilləri təbrik edib, gələcək
fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və
icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə
namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim
edilib.
Daha sonra vəkilliyə namizədlər çıxış edib, vəkil peşəsinə yiyələndikləri üçün
məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq
keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını
bildiriblər.
İclasın ikinci hissəsində Vəkillər Kollegiyasının Akademiyasının Əsasnaməsinin
layihəsi müzakirə edilmiş və Əsasnamə qəbul edilib.
İclasda həmçinin vəkillərin digər vəkil qurumlarına keçməsi, o cümlədən
müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərə baxılıb,
müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə
baxılıb.
11:20
Bakıda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan Vəkillər
Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi
müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin
sədri Anar Bağırov, Kollegiyanın üzvləri, vəkil qurumlarının rəhbərləri,
həmçinin media nümayəndələri iştirak ediblər.
Mərasimdə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir
dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı
səsləndirilib.
Daha sonra VK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək Azərbaycanda
vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan
danışıb.
O, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi
uğurla başa vurmuş 51 namizədin vəkil andı içərək Kollegiyaya qəbul olunduğunu
bildirib:
“Qeyd edək ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən
beş yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər
Kollegiyası üzvlüyünə qəbul olunmuşdu. 2017-ci il üçün vəkillərin ümumi sayı
931 nəfər təşkil edirdi. 2018-ci ildən indiyədək Vəkillər Kollegiyası üzvlüyünə
qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş
4 750 namizəddən 1 450 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi
müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib”.
A.Bağırov vəkillərin sayının 2 387 nəfərə çatdığını bildirib:
“Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 34-ü kişi, 17-si isə
qadındır. Bununla da qadın vəkillərin sayı 415 nəfər olmaqla ümumi vəkillərin
18%-ni təşkil edir. Vəkillərdən dörd nəfəri regionlarda, 47 nəfəri isə Bakıda
fəaliyyət göstərəcək. Eyni zamanda, hüquq elmləri doktoru Həsənzadə Səidə
Bəhram qızı qanunvericiliyin tələbinə uyğun olaraq yazılı testi vermədən,
şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə
buraxılıb”.
Sonra vəkilliyə namizədlər çıxış ediblər. Onlar vəkil peşəsinə yiyələndikləri
üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv
olaraq keçirilməsi üçün VK-nın Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and
içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən
çıxarışlar təqdim edilib.