Bakıda vəzifəli qadının əkiz uşaqlarını döyən dayə həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar
verib.
“Qaynarinfo”nun məlumatına görə, Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü
Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması
üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay
müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı
övladına dayəlik edib. Əkizlərin anası övladlarının bədənində xəsarət izlərinin
olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan
zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların
başına əli ilə vurub və onlara fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva
dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyinin Səbail Rayon Polisi İdarəsinin
41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.
Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi protokol tərtib
olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış
keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00:30-da azyaşlı uşaqların birinin
baş nahiyəsinə əli ilə şillə vurub.
Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını
vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib.
Buna görə uşaqların anasından üzr istədiyini deyib.
Məhkəmənin hökmü ilə, dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə
təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva tibbi mağazalar şəbəkəsinin
insan resursları şöbəsinin müdiridir.