4d5384b9-d8a9-480b-bdaf-beb9fa32b9de..jpg

Bakıda vəzifəli şəxsdən sevgilisinə qarşı şok əməllər

Baxış sayı: 2. 429 dəfə baxılıb.

Bakıda vəzifəli şəxsdən sevgilisinə qarşı şok əməllər

Bakıda qadını küçədə döyən, üzərindən soyuq silah tapılan 1993-cü il
təvəllüdlü Əli Muradov (şərti soyadlı) barəsində Cinayət Məcəlləsinin 221.3
(Xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə
edilməklə törədildikdə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq
silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi
ilə cinayət işi açılıb.

Publika.az xəbər verir ki, ali təhsilli olan Əli Binəqədi rayon icra və
probasiya şöbəsində işləyib və boşanma prosesindən sonra icra işi ilə əlaqədar
Nuranə (şərti) adlı qadınla tanış olub. Qadının boşandığını bilən və onunla
isti münasibət quran məmur daha sonra ondan pul alıb. Lakin bir müddət sonra
Nuranə Əlinin rəftarından bezərək ondan uzaqlaşıb. Bundan əsəbiləşən Əli
Nuranəni Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində azyaşlı oğlu və anası ilə
birlikdə 286 saylı məktəbin qarşısından keçərkən tutub. O, Nuranəyə zərbələr
endirərək onu küçədə doğmalarının gözü qarşısında döyüb. Bu hadisədən sonra
qorxu keçirən qadın polisə müraciət etməyə çəkinib. Daha sonra üzərindən soyuq
silah tapılan Əli saxlanılıb və onun xuliqanlıq əməli də üzə çıxıb.

Yasamal rayon Məhkəməsində ifadə verən Əli Muradov silahın ona vəfat edən
atasından qaldığını deyib. Nuranə ilə icraçı olduğu vaxt tanış olduğunu, onu
sevdiyini və fikrinin ciddi olduğunu deyən təqsirləndirilən şəxs çay evi
götürüb işlətmək istədiyini və buna görə Nuranədən 1000 manat aldığını bildirib.

İfadə verən Nuranə Qədirova isə Əlinin onu bir neçə dəfə döydüyünü deyib. O
ifadəsində bildirib:

“Əlini 2021-ci ilin yanvar ayından tanıyıram. 2015-ci ildə ailə həyatı
qurmuşam və 2020-ci ilin noyabr ayında rəsmi olaraq boşanmışam. Boşanma
prosesindən sonra 2021-ci ilin yanvar ayında Binəqədi rayon icra şöbəsindən
özünü icraçı kimi təqdim edən Əli Muradov mənə zəng vuraraq aliment ödənişi ilə
maraqlandı. Bundan sonra Əli mütəmadi olaraq mənə zəng vurdu və onunla tanışlıq
münasibəti yarandı. Bir müddət sonra Əli mənə fikrinin ciddi olduğunu və ailə
qurmaq istədiyini bildirdi. Mən isə cavabımda əvvəllər ailəli olduğumu və
himayəmdə azyaşlı övladımın olduğunu bildirmişdim. Əli isə israrla mənimlə ailə
həyatı qurmaq istədiyini bildirirdi. Hətta bir neçə dəfə Əli ilə kobud danışıb
onu özümdən uzaqlaşdırmaq istəmişəm. Lakin Əlinin mənimlə mütəmadi olaraq
maraqlandığını görüb, ona bir şans vermək istədim. Bundan bir müddət sonra onun
normal insan olmadığını və mütəmadi olaraq yalan danışdığının şahidi oldum. Əli
məndən iki günlük 1000 manat pul istəmişdi. Əli bir neçə dəfə təxmini 10 gün
ardıcıl olaraq xahiş etdiyinə görə məcbur qalıb ona min manat pul vermişdim.
Həmin pulu Əliyə işlədiyi yerin yaxınlığında vermişəm. Əli pulu iki günə
qaytaracağını söz versə də, müxtəlif bəhanələrlə aldadıb pulu geri qaytarmadı.
Əlidən pulunu geri istədikdə o, özünü öldürəcəyini bildirdi. Bundan sonra Əli
mütəmadi olaraq məndən pul istəməyə başladı. Mən isə pulumun olmadığını və ona
pul verə bilməyəcəyimi bildirdim. Bu səbəbdən Əli məni müxtəlif təhdidlərlə
qorxutmağa başladı. Əli məni bütün qohumlarımın, həmçinin iş kollektivimin
yanında biabır edəcəyini deyirdi. Ondan məni hansı yolla biabır edəcəyini
soruşduqda Əli mənə məxsus “Honor” markalı mobil telefondan mənim dənizdə
çəkilmiş şəkillərimi özünə göndərdiyini, onun dediklərini etməyəcəyim təqdirdə
rüsvay edəcəyini bildirdi. Ona fikir vermədiyimdən dəfələrlə üstümə gələrək
fiziki güc tətbiq edib. Belə ki, bir neçə dəfə Əli yaşadığım evin yaxınlığında,
iş yerimin yaxınlığında və avtomobilində məni döyüb. Lakin qorxduğuma görə heç
bir yerə şikayət etməmişəm. Mən şikayət etmədikcə üzərimə daha çox gələrək hər
gün müxtəlif formalarda məni narahat edirdi. Əli mütəmadi olaraq zəng vuraraq
barəmdə rüsvayedici məlumat yayacağını bildirərək pul istəyirdi. Ona 600 manat
maaş aldığımı, pul verməyə maddi imkanımın olmadığını dedikdə, Əli bunun ona
aidiyyətinin olmadığını deyirdi. Belə ki, mütəmadi olaraq mənim avtomobilimin
üzərinə, yaşadığım binanın liftində, həmçinin mənzilin giriş qapısının üzərinə
mənim və özünün baş hərflərini yazaraq mənə narahatlıq yaşadırdı. Mən dəfələrlə
gecə müxtəlif üsullarla həmin yazıları silmişəm. Belə ki, sonuncu dəfə
04.07.2021-ci il tarixdə, saat 18 radələrində anam ilə oğlumu yaşadığım evin
yaxınlığında bağçadan götürən zaman 286 nömrəli məktəbin qarşısında Əli
qəfildən qarşımıza çıxdı. Yaxınlaşan kimi anamın və övladımın qarşısında
qolumdan tutub möhkəm silkələdi və əlində olan dəmir açarla sağ qulaq
nahiyəmdən bir dəfə yumruqla vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Bundan
sonra mən yerdə olarkən mənim, övladımın və anamın ünvanına müxtəlif küçə
söyüşləri söyərək təhqir etdi. Əlidən qorxduğuma görə bu barədə şikayət
etmədim. Lakin sonuncu dəfə 11.07.2021-ci il tarixdə, saat 23 radələrində mənə
məxsus avtomobilin dövlət qeydiyyat nişanlarını üzərindən açdığı barədə zəng
vurub mənə məlumat verdikdə, artıq dözməyərək və bu barədə DİN-nin 102
xidmətinə zəng vuraraq məlumat verdi. Lakin ərizə yazan zaman yenidən Əlinin
şantajlarından və hədələrindən qorxduğuma görə onun yalnız döyməsi barədə
məlumat verdim. Təqsirləndirilən şəxsi heç vaxt bağışlamayacam”.

Təqsirləndirilən şəxs Nuranəni sevdiyini bir daha bildirərək onu döyərkən
sərxoş halda olduğunu bildirib.

Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən
prosesin yekununda Əli Muradov qeyd edilən maddələr üzrə təqsirli bilinərək 3
il müddətinə azadlıqdan məhrum edilib.

Source link