Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

Baxış sayı: 2. 306 dəfə baxılıb.

Sosial şəbəkədə və bir sıra kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasına dair məlumatlar yayılıb.

Məlumata görə, xəstə noyabr ayının 5-də yüksək qan təzyiqi ilə təcili tibbi yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və orada da müxtəlif bəhanələrlə onu qəbul etməyiblər.

Daha sonra onun Rəsulzadə qəsəbəsindəki  Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. İddia edilir ki, xəstəxanada həkimlər E.Yusifovanı koma vəziyyətindən çıxara bilməyəcəklərini deyiblər.

Məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə və etirazlara səbəb olub.

Qeyd olunan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün ÇıxışYolu.Com Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanın baş həkimi Bəyalı Məmmədovla əlaqə saxlayıb. Baş həkim isə açıqlamasında vəziyyətin fərqli olduğunu deyib:

“Xəstə 1998-ci il təvəllüdlü Yusifova Esmira Akif qızı anadangəlmə şəkər xəstəsidir. Ona birinci tip şəkərli diabet diaqnozu qoyulub. Mütəmadi olaraq insulin qəbul etməlidir. Məndə olan məlumata görə, ilk olaraq onu 5 saylı şəhər kliniki xəstəxanaya aparıblar. Xəstəxanada ona lazım olan müdaxilə edilib və vəziyyəti stabilləşib. 

Səhər xəstəni normal palataya keçirmək istəyəndə isə saat 10:30 radələrində iltizamnamə yazaraq müalicə və müayinədən imtina edərək evə getmək istədiyini deyib. Bildirib ki, onun öz həkimi var və daim onun nəzarətində olur.

Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi

Daha sonra təsərrüfat hesablı (pullu) olan Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına aparıblar. Orada xəstənin müalicəsi üçün müəyyən məbləğdə ödəniş etməli olduqları bildirilib. Xəstə yaxınları bunu qəbul etməyib və onu evə aparıblar.

Noyabr ayının 6-sı xəstənin qan təzyiqi yenidən yüksəlib və onu saat 15:45 radələrində bizim xəstəxanaya gətiriblər. Onu həkim Gülmalıyev Sahib qəbul edib və dərhal reanimasiya şöbəsinə keçirib. Təcili olaraq zəruri yardım göstərilib, qan təzyiqi normaya salınıb. Bu dəqiqə xəstə reanimasiya şəraitində, həkim nəzarətində saxlanılır. Hər ehtimala qarşı bir sutkadan sonra normal palataya köçürüləcək”.

Baş həkimin sözlərinə görə, xəstə yaxınları ilə həkimlər arasında yaşanan tək problem reanimasiya otağına keçmək istəmələridir:

“Xəstə yaxınları gecə saatlarında xəstəxanaya gəlib. Aralarında içkili olan şəxslər də olub. Birmənalı şəkildə reanimasiya şöbəsinə keçmək istədiklərini bildiriblər. Həkimlər bunun mümkün olmadığını, anasının xəstənin yanına buraxıldığını, xəstənin vəziyyətinin stabil olduğunu, həyati təhlükəsinin olmadığını deyib. 

Bundan başqa, həkimlərlə ailə yaxınları arasında heç bir problem yaşanmayıb. Kütləvi informasiya vasitələrində bu məsələ ilə yazılan məlumatlar, təəssüf ki, hadisələri olduğu kimi təsvir etmir”.

Könül Cəfərli