Aprelin 4-də Azərbaycan Xalça Muzeyində yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi açılıb.
ÇıxışYolu.Com xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə reallaşıb.
Həmçinin sərgi çərçivəsində “Bakı xalçaları. Yeni çeşnilər” kitabının və Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən Qarabağın XVII əsrə aid “Xətayi” xalçasının təqdimatı olub.
Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, bu layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilib.
Ölkəmizdə xalçaçılığın tarixindən danışan muzeyin direktoru hazırda bu sənətin daha da inkişaf etdirilməsindən söz açıb.
Mütəmadi olaraq dövlət tərəfindən xalçaçılığa böyük diqqətin olduğunu bildirən Ş.Məlikova söyləyib ki, bu gün Azərbaycan xalçaları dünyanın hər yerində tanınır.
O, Xalça Muzeyinin ekspozisiyasına yeni tarixi xalçaların təqdim edilməsində göstərilən dəstəyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəni həyatında əldə olunan uğurlardan danışıb. Belə layihələrin təqdimatının qeyd edilən uğurların sırasında olduğuna diqqət çəkən nazir deyib:
“Bu gün çox əlamətdar hadisənin şahidiyik. Azərbaycan xalçaçılıq sənətinin tarixi qədim olduğu kimi çeşidləri də fərqlidir. Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın həyata keçirdiyi “Bakı xalçaları. Yeni çeşnilər” layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitab hazırlanıb.
Bildiyiniz kimi, Zirə Mədəniyyət Mərkəzi – Eko-Park 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə Zirə Xalça Muzeyi, Xalça Tədrisi Mərkəzi və Xalçaçılıq Müəssisəsi də daxildir.
Azərbaycan xalçaları bizim tariximizdə böyük rol oynayır. 2016-cı ildən fəaliyyət göstərən Zirə Xalçaçılıq Müəssisəsində Azərbaycanın Bakı qrupu xalçaçılıq ənənələrinə uyğun klassik və müasir çeşnili xalçaların toxunması uğurla həyata keçirilir.
Xalça bizim yaşayış tərzimizin bir parçasıdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə mədəniyyətimizin bütün sahələrində çox uğurlu layihələrin şahidiyik. Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağın XVII əsrə aid “Xətayi” xalçasının ölkəmizə qaytarılması və muzeyə verilməsi buna bariz nümunədir. Fond öz imkanları hesabına dünyanın bir sıra muzeylərindən bizə məxsus olan xalçaları ölkəmizə qaytarmaq üçün işlər görür və buna nail olur.
Mədəniyyətimiz bu gün ölkə hüdudlarını aşaraq müxtəlif ölkələrdə təqdim edilir. Ölkəmizə çoxsaylı turistlər gəlir. Turistlərin tanış olduğu məkanlardan biri də Xalça Muzeyidir. Fürsətdən istifadə edib bu layihənin təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdən ölkəmizə gətirilən XVII əsrə aid Qarabağın tanınmış “Xətayi” xalçası Azərbaycan Xalça Muzeyinə təqdim olunub.
“Xətayi” xalçası Azərbaycan xalçaları arasında özünəməxsus yer tutur. Çünki bu xalçalar vaxtilə Qarabağda toxunar və İpək Yolu vasitəsilə xarici ölkələrə daşınardı.
Təəssüf ki, hazırda ölkəmizdə belə xalçalardan qalmayıb. Bu baxımdan “Xətayi” xalçasının Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana qaytarılması mədəniyyətimiz üçün böyük töhfədir.
Sərgi çərçivəsində “Bakı Xalçaları. Yeni çeşnilər” adlı kitabın təqdimatı da olub. Kitabda Bakı kəndlərində tətbiqi sənətin tarixi, klassik sənətkarlıq ənənələri, yeni yaradılan çeşnilər, Bakı xalçaçılıq qrupu haqqında məlumatlar əksini tapıb. Kitab ölkənin görkəmli xalça mütəxəssisləri və sənətşünaslarının iştirakı ilə tərtib edilib.
Burada Azərbaycanın xalçaçılıq sənəti, klassik Bakı xalçaları, xüsusilə yeni yaradılmış xalça çeşniləri haqqında geniş məlumat verilir.
Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də iştirak edib.
Aprelin 15-dək davam edəcək sərgi qonaqlarda zəngin təəssürat yaradıb.
Qeyd edək ki, bu xalça Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən ikinci hədiyyədir. Belə ki, 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizə gətirilən XVIII əsrə aid qədim Şirvan tikmə nümunəsi də Xalça Muzeyinə hədiyyə edilmişdi.