Bakıda xanım taksi sürücüsünü söyən şəxs həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda xanım taksi sürücüsünün gediş haqqını ödəməyən şəxs onu təhqir edib və
həbs olunub.
“Qaynarinfo”nun məlumatına görə, hadisə 18 oktyabrda “Koroğlu”
metrostansiyasının yaxınlığında baş verib.
Taksi sürücüsü olan Xatirə Zamanova (ad-soyad şərti) Nizami rayonu, Heydər
Əliyev prospektində hərəkətdə olarkən polislərə yaxınlaşaraq bir nəfər kişi
sərnişinin onun maşınına oturduğunu, lakin yol pulunu vermədiyini və onu təhqir
etdiyini bildirib.
Polislər 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş Kərim (ad şərti) adlı
şəxsi xanım taksi sürücüsünün şikayəti əsasında saxlayıblar. Bu zaman həmin
şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməyə başlayıb.
Bundan sonra Kərim məcburi qaydada ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb
və barəsində raport yazılaraq məhkəməyə göndərilib. Araşdırma zamanı müəyyən
edilib ki, hadisə zamanı Kərim sərxoş olub.
Məhkəmənin qərarı ilə Kərim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci
maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib,
barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.