Bakıda “xüsusi üsul”la xaricə 750 min manat köçürənlər ələ keçdilər
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min
manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb.
Qurumdan verilən məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin
İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin əldə etdiyi məlumat
nəticəsində müəyyən olunub ki, Bakı sakini Şəhriyar Hafiz oğlu Əkbərov
digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət
əlaqəsinə girərək, “Laçın” və “Sədərək” ticarət mərkəzlərinin ərazisində
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən razılıq əldə edərək
onlara məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma
üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər.
Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 %
qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində
(Dubay şəhərində) pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz
olaraq köçürmələr təşkil ediblər.
Qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb
edilmiş Ramin Akif oğlu Soltanov və Əlzamin Abdulsəməd oğlu Abızadə vasitəsilə
müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin
vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki biznes mərkəzində icarəyə
götürülmüş ofisdə Raman Şahin oğlu Nağıyevə verilib. Sonuncu isə qanunsuz
köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə
məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə, Çin və Dubaydakı
etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin
köçürülməsi fəaliyyətini təşkil edib.
Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması
Baş İdarəsinin əməkdaşları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü
il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki biznes mərkəzinin
nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Əlzamin
Abızadənin idarə etdiyi “Toyota Prius” markalı 90-TY-929 dövlət qeydiyyat
nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Ramin Soltanov və Raman
Nağıyevi saxlayıblar. Dəstənin biznes mərkəzindəki ofisində iki nəfər hal
şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib.
Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin
R.Nağıyevə məxsus əl çantasında cəmi 318 190 ABŞ dolları və 208 410 manat
olmaqla, ümumilikdə 749 333 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul
əsginasları aşkar edilərək götürülüb.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat
idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan
əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli
miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və yaxud
xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olması faktı üzrə
Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər 749 333 manat pul
vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə köçürülməsini təşkil
edib. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Cinayət
Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə
şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona
ittiham elan olunub. Həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin
qərarı ilə Ş.Əkbərov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.