Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən növbəti layihənin icrasına başlanılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, metronun “Koroğlu” stansiyasının cənub çıxışında nəqliyyat
mübadilə məntəqəsinin yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq
Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada
razılaşdırılıb.
Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan
layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda
Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metro
stansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə
çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt
itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin
daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.
Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında
rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu
stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını
əlaqələndirəcək multimodal habın yaradılmasına başlanılıb.
Beləliklə, görüləcək işlər çərçivəsində metro stansiyasının cənub çıxışında
(Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu
avtobus dayanacağı yaradılacaq, həmçinin minik avtomobilləri üçün “park and
ride” tipli parklanma yerləri təşkil ediləcək.
Bundan başqa, taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın
duracaq yaradılacaq və elektrik mühərrikli avtobuslar üçün doldurma məntəqələri
quraşdırılacaq.