“Ailələrin İnkişafı üzrə Maarifləndirmə” İctimai Birliyi “Təqaüdə çıxmış insanların asudə vaxtlarının təşkili” adlı sosial layihənin həyata keçirilməsinə başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.
ÇıxışYolu.Com xəbər verir ki, layihənin açılışı 11 may, saat 09:30 tarixində Azərkitab – Kitab Təbliğatı Mərkəzində müxtəlif fəaliyyət sahələrindən olan mütəxəssislərin iştirakı ilə baş tutacaq.
Layihənin əsas məqsədi yaşlı insanların cəmiyyətin həyatında fəal iştirakına dəstək olmaq və ahılların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaratmaqdan ibarətdir.
Asudə vaxt və istirahət yaşlı insanların həyatında, xüsusilə də əmək fəaliyyəti olmadığı halda, mühüm rol oynayır. Ahıl insanın ailə və cəmiyyətə olan faydası, ona bir insan kimi əhəmiyyət kəsb etdiyini hiss etmək üçün vacibdir. Bu cür yüksək özgüvən hissi yeni bir fəal həyat mövqeyi yaratmağa və yaşlanma prosesinə adekvat yanaşmağa kömək göstərir.
Ümumilikdə, layihədə 60 yaş və yuxarı olan təxminən 150 yaşlı nəslin nümayəndəsinin iştirakı nəzərdə tutulur.
Layihə haqqında daha ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: +994 50 365 45 71