Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı
ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq
qaydalar üzrə yüksəksəviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb.
“Report” xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda
70-dən çox ölkəni təmsil edən yüksəkrütbəli zabitlər iştirak edirlər.
Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların
anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar
hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma,
əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya
etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı
anlaşmanı inkişaf etdirməkdir.
Seminar əsasən müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar
hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində
keçirilir.
Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini
bölüşəcəklər.
Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun
aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq
humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar
hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.
Seminar oktyabrın 12-dək davam edəcək.