27cb2353-86e1-4752-aa3c-9c8754085452..jpg

Bakıda yüksəkvəzifəli şəxslərə zəng vuraraq dələduzluq edən şəxsə hökm oxundu

Baxış sayı: 747 dəfə baxılıb.

Bakıda yüksəkvəzifəli şəxslərə zəng vuraraq dələduzluq edən şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proses baş tutub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda və vəzifəli şəxsin
səlahiyyətlərini mənimsəmədə ittiham edilən 1974-cü il təvəllüdlü Samir Yusif
oğlu Əliyev barəsində bəzi diqqətçəkən faktlar üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, Samir Əliyev müxtəlif şəxslərə özünü
məhkəmə-hüquq sistemində tanışları olan biri kimi tanıdıb. Heç bir yerdə rəsmi
işləməyən şəxs özünü müxtəlif vəzifəli şəxslər kimi təqdim edərək bir neçə
yüksəkvəzifəli şəxsə zəng edib. O, həmin məmurlardan müxtəlif xahişlər və
tələblər edib.

Samir Əliyev digər zənglərində Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədovun
cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü
ona möhlət verilməsini istəyib.

Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin
rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin
dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini
istəyib. 6 may 2022-ci il tarixdə isə S.Əliyev “Azərsu” ASC-nin sədr müavini
Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin
edilməsini tələb edib. Bundan savayı, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə
“Teleradio” İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda
aparıcı mütəxəssis vəzifəsində işləmiş bir nəfərin əvvəlki vəzifəsinə
qaytarılmasını xahiş edib. O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik
tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib.

Samir Əliyev həmçinin həbsdə olan Rəşad adlı şəxsin azadlığa buraxılmasına
kömək etməsi vədi ilə onun yaxınından 21 500 manat alaraq dələduzluq edib.

İş üzrə şahid qismində ifadə verən Hafiz Məmmədov isə 2022-ci ildə vergi borcu
ilə əlaqədar həbsdən az sonra azad edilməsi və ona möhlət verilməsinin Samir
Əliyevin zəngi ilə əlaqədar olmadığını bildirib. Məhkəmədə iştirakdan imtina
edən H.Məmmədovun istintaqa verdiyi ifadə elan edilib. “Hafka” ifadəsində
deyib: “Rəhbərlik etmiş olduğum şirkətlərin Dövlət Sosial Müdafiə Fonduna
850.000 manat məbləğində qalıq borcu var idi. Faktla bağlı Dövlət Vergi
Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində cinayət
işinin istintaqı aparılıb və 25 yanvar 2022-ci il tarixdə Yasamal Rayon
Məhkəməsinin qərarı ilə barəmdə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri
seçilib. Mən barəmdə seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz
olunmasından ötrü qalıq borcun ödənilməsi ilə bağlı oğlum Sənana tapşırıq
vermişdim. 31 yanvar 2022-ci il tarixdə Sənan 600.000 manat məbləğində pulu
Xidmətin bank hesabına ödədi, 250.000 manat borcum qaldı. Həmin gün barəmdə
seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu. Borcumun
ödənilməsindən ötrü vaxt verilməsi üçün hər hansı bir vəzifəli şəxsdən xahiş
etdirməmişəm. Təqsirləndirilən Samir Əliyevi tanımıram”.

Məhkəmədə Samir Əliyev törətdiyi əməlləri etiraf edib. O, əməllərini “kobud
telefon xuliqanlığı” adlandırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 178.2.4 və
310-cu (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə
təqsirli bilib. Ona dörd il həbs cəzası verilib.

Source link