453db254-77e8-4d22-9234-9d0cb5403874..jpg

Bakıdakı dəhşətli qəzanın baş verdiyi ərazidə son vəziyyət – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 847 dəfə baxılıb.

Bakıdakı dəhşətli qəzanın baş verdiyi ərazidə son vəziyyət – YENİLƏNİB +
FOTO/VİDEO

Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş
dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb.

Cixisyolu.com xəbər verir ki, partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı
“Mercedes” markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.

Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.

42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını isə daşla yüklü
olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı
mişar daşları yola dağılıb.

Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsi
tamamilə kül olub.

10:12

Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində
dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının
söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq
təhlükəsizlik tədbirləri görülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət
nömrə nişanlı “Opel”, 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” və 42-CB-514
dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

09:52

Baş Dövlət Yol Polisi İdarəsi Qobustandakı dəhşətli qəza ilə bağlı yeni
məlumat yayıb.

Qurumdan bildirilib ki, hadisə bu gün səhər 08:20-də Bakı-Qazax yolunun 55
kilometrliyində qeydə alınıb.

Hadisə zamanı biri yanacaqdaşıyan maşın olmaqla üç avtomobil toqquşub.

Qəzadan sonra yanğın başlayıb.

Hazırda DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin
nizamlanmasını həyata keçirirlər.

Hadisə barədə ətraflı məlumat veriləcək.

09:09

Qobustanda “KamAZ” markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində
yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin “112” qaynar
telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində
yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi
Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.


Source link