Bakıdakı Dünya kuboku rekordla başa çatdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku başa çatıb.
Sports.az xəbər verir ki, yarışın son günündə kişilər və qadınlar arasında
tüfəngdən 50 metr məsafəyə üç mövqedən atəş açma növündə final görüşləri
keçirilib.
Qadınların yarışında qalib adı uğrunda mübarizədə İngiltərə və Çin atıcıları
üz-üzə gəliblər. Böyük britaniyalı Şona Makintoş son atışlarda dəqiqlik nümayiş
etdirərək qızıl medala sahib olub. Üçüncü yeri isə Anna Yanssen (Almaniya)
tutub.
Bakıda ardıcıl ikinci il Dünya kubokunun qalibi adını qazanan Makintoş
bildirib ki, öz gücünə əvvəldən inanıb:
“İki gün əvvəlki finalda dördüncü yeri tutmuşdum. Həmin vaxt atışlarım
istədiyim kimi olmamışdı. Bu gün qalib adını qazansam da, doğrusu, performansım
yenə də tam istədiyim kimi deyil. Daha yaxşısını edə biləcəyimə inanıram.
Finaldakı rəqibim çinli idi. Onları məğlub etmək çox çətindir, dəmir iradəyə
sahibdirlər. Xüsusən xallar arasında fərq az olanda, iş bir az da çətinləşir.
Öz gücümə inanaraq qələbənin öhdəsindən gəldim”.
O, saçlarının göy rəngdə olmasının da sirrini açıqlayıb: “Bu mənim “uğur
çubuğum”dur. 6-7 ildir saçlarım belədir. Bəzən göy rəngdən yaxa qurtarmaq
istəsəm də, içimdən gələn səs məni dəyişiklik etməməyə çağırıb. Çünki bu saç
forması mənə uğur gətirir”.
Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan
Yukun Liu qazanıb. Çinli idmançı mayın 9-da məhz bu Dünya kubokunda
müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468,9 xalla qızıl medala sahib
olub.
Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc
medalla kifayətlənib.