İkinci Dünya Müharibəsinin veteranı, azərbaycanlı Damət Məcid oğlu Nəbiyev (1925-ci ildə doğulub) ÇıxışYolu.Com saytına həmin hadisələrlə bağlı xatirələrini bölüşüb.
Nəbiyev 1943-cü ilin fevralında 17 yaşında müharibəyə yollanıb. Onunla birlikdə pilot-bombardmançı kurslarına iki azərbaycanlı qatılıb. Onlardan biri də rus dilində danışa bilməyən Damət Nəbiyev idi.
“Bizi Gürcüstandakı Qambori qəsəbəsinə göndərdilər. Bizim ikimizdən başqa, üç rus, bir gürcü və üç qazax da kurs keçirdi. Vaxt az idi. Bizə nəzəriyyə olmadan döyüş təcrübəsi öyrədilirdi.
Kursu hamı keçə bilmədi. Mən, bir rus və iki qazax kursu keçdik və Vitali Sorokinin komandiri olduğu hərbi təyyarənin ekipajı olduq.
Təyyarəmiz özündə üç ton döyüş başlığı daşıya bilirdi. Biz bu tərkiblə 200 döyüş uçuşu həyata keçirdik.
Ekipajımız Varşavanın azad olunmasında birbaşa iştirak edib. Sonuncu döyüş uçuşunu 1945-ci il mayın 2-də keçirdik”, – veteran deyib.
Döyüş yoldaşları ilə əlaqə saxlayıb-saxlamadığı ilə bağlı ünvanlandığımız suala 90 yaşlı veteren göz yaşları ilə cavab verib:
“Həmin ekipajdan iki nəfər sağ qalmışdı – mən və Qazaxıstandan olan dostum Renat İsabayev. Hər il mayın 9-da o, məni təbrik edirdi. Daha zəng etmir. O, 2016-cı il yanvarın 18-də vəfat edib.
Ümumiyyətlə, müharibə zamanı çoxlu dostlar qazanmışdım. Ancaq ilbəil onların sayı azalır”, – Nəbiyev qeyd edib.
Veteran Azərbaycan hökumətinə təşəkkür edib.
O deyir ki, veteranlara böyük diqqət göstərilən Azərbaycanda yaşamaqdan qürur duyur.
“Hər il Qələbə günü ilə əlaqədar bizim hər birimizə 700 manat verilir, aylıq müavinət alırıq, dövlət bizi ev və maşınla təmin edib”, – Nəbiyev bildirib.
Veteran gənclərlə bağlı fikirlərini dilə gətirib:
“Biz Vətən qarşısında xidmətlərimizə görə qürur duyurduq. İndi hər şey dəyişib.
Vətəninin 20 faiz torpağı işğal altında olan Azərbaycan gəncləri indi bahalı avtomobilləri və dəbdəbəli həyatı ilə qürur duyur. Bu, çox ağrılıdır”, – veteran qeyd edib.
Əli Məmmədov
www.ÇıxışYolu.Com