101 il il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı fəaliyyəti üçün də dönüş nöqtəsi olub.
Qafqaz İslam Ordusunun say tərkibi ilə bağlı rəqəmlər müxtəlifdir. Bir çox mənbələrdə Azərbaycana gələn türk qoşun hissələrinin ümumi sayının altı min və az sonra onlara qatılmış olan azərbaycanlı qüvvələrin 10-12 min nəfər olduğu vurğulanır. Bəzi mənbələrdə Qafqaz İslam Ordusuna qoşulan azərbaycanlıların sayı dörd min, türklərin isə 10 min nəfərdən ibarət olduğu iddia olunur.
Tarix elmləri doktoru, professor Anar İsgəndərovun fikrincə, təkcə 5-ci Qafqaz diviziyasındakı əsgər və zabitlərin sayı 7733 nəfər olub.
Onun fikrincə, hadisələrin bu rəqəm ətrafında cərəyan etdiyini nəzərə alsaq, onda azərbaycanlıların sayının dörd min nəfərdən bir az çox olduğu real görünür. Qafqaz İslam Ordusu Azərbaycana gəldiyi ilk günlərdən etibarən qaynar döyüşlərə atılır.
Belə bir zamanda bolşevik-daşnak qüvvələri həm Şamaxı yolu, həm də dəmiryolu xətti ilə Qərbə doğru irəliləməkdə idi.
Bakı Sovetinin rəhbəri Stepan Şaumyan Gəncədə fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətini məhv etmək üçün bütün gücü ilə hücuma keçir.
Qafqaz İslam Ordusunun belə bir vaxtda hər hansı bir ləng hərəkəti neçə-neçə kəndin itirilməsi, 100 minlərlə insanın öz ev-eşiyindən didərgin düşməsi demək idi. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şərqə doğru hərəkətin başlanmasına qərar verir.
A.İsgəndərovun fikrincə, Nuru paşa yaxşı dərk edirdi ki, Gəncə ətrafında mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək onun birinci vəzifəsidir.
Həmin zaman Azərbaycanda, əsasən də Gəncədə yaşayan ermənilər türk qoşunlarının Azərbaycana gəlməsi və Gəncədə qərargah yaratmaları ilə razılaşa bilmirdilər.
Mənbələrə görə, o dövrdə Gəncədə 20 min erməni yaşayıb. Həmin ermənilər Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətli hərəkətinin intizarında idilər.
A.İsgəndərov bildirir ki, Gəncə ermənilərinin tərksilah edilməsinə Nuru paşanın əmri ilə iyunun 10-da başlanılıb.
Nəticədə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırılır.
Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması, Şaumyan başda olmaqla, Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salır.
İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlanır. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olunur.
Doğrudur, müsəlman və gürcü korpuslarının müştərək qüvvələri Bakı Soveti qoşununa müqavimət göstərməyə cəhd edir. Lakin qüvvələr nisbəti bərabər olmadığına görə Bakı Sovetinin silahlı dəstələri heç bir çətinlik çəkmədən Gəncə istiqamətində yürüşlərini davam etdirirlər.
İyunun 18-də isə Qaraməryəm ətrafında həlledici döyüşlər yenidən başlanır. Ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmirlər. Bundan sonra isə Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu komandanlığında da ciddi təhlil olunur.
Bunun üçün Qafqaz İslam Ordusunun komandanı Nuru paşa, Müsəlman korpusunun komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşürlər.
Göyçaya gələn Nuru paşa təkcə hərbçilərlə deyil, yerli əhalinin nümayəndələri ilə də görüşür. Onları türk-Azərbaycan qoşun hissələrinə hərtərəfli yardım göstərməyə çağırır.
Nuru paşa Göyçay əhalisinə müraciətində deyirdi:
“Azərbaycanı və azərbaycanlıları düşməndən qurtarmaq üçün Osmanlı Ordusu məmləkətinizə gəldi. Bu orduya canla-başla yardım etməyiniz lazımdır. Silahla yardım edilə bilmirsə, heç olmazsa, əsgərlərə ərzaq və su daşıyın. Bu dəhşətli istidə müharibə edən əsgər və zabitlərdən bir çoxu susuzluqdan ölüb”.
Nuru Paşa (sağda), atası Hacı Əhməd Paşa (ortada) və qardaşı Ənvər Paşa ilə
Bakı Soveti qoşunları iyunun 27-də növbəti hücuma başlayır. Bakı Soveti qüvvələri ilk dəfə olaraq başladıqları hücumu uğurla başa çatdıra bilmirlər.
İyunun 29-da isə səhər tezdən Qafqaz İslam Ordusu hissələrinin böyük uğurla nəticələnən hücumu başlanır.
Qafqaz İslam Ordusu komandanlığının göstərdiyi operativlik və çeviklik, Göyçayın müdafiəsi üçün zəruri olan qüvvələrin vaxtında bura gətirilməsi, türk-Azərbaycan qoşunlarının mübarizliyi daşnak Əmirovun rəhbərliyi altında olan bolşevik qüvvələrinin bütün cəhdlərini nəticəsiz qoyur.
Göyçay ətrafında məğlub olan Bakı Soveti qüvvələri geri çəkilərək şəhərdən 5-6 kilometrlik bir məsafədə qərar tuturlar. İyulun 1-də düşmən geri çəkilməyə başlayır. Beləliklə, döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatır.
Qafqaz İslam Ordusunun əldə etdiyi uğurlar və onun Bakıya doğru irəliləməsi, təkcə Şaumyanın rəhbərlik etdiyi Bakı komissarlarını deyil, bölgədə marağı olan Sovet Rusiyasını, İngiltərəni, Almaniyanı da ciddi narahat edirdi.
Sovet Rusiyası Bakı Sovetinə hərtərəfli maliyyə və hərbi yardım göstərməklə Bakıda sovet hakimiyyətini və Bakı neftini qoruyub saxlamağa çalışırdı. İngiltərə də İranda olan qoşun hissələri vasitəsilə Bakıya müdaxilə etmək və çıxarılan neftə ortaq olmaq istəyirdi.
Almaniya tərəfindən isə təzyiqlər elə bir xarakter alır ki, Ənvər paşa Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini açıq şəkildə müdafiə edə bilmir.
Onun bütün yazışmaları almanların nəzarəti altında olduğu üçün rəsmi əmrlərində Bakıya doğru hücumların dayandırılmasını tələb edirdi.
Almaniyanın bu təzyiqləri nə qədər güclü olsa da, Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkətini saxlamaq iqtidarında deyildi.
İyulun 6-da yenidən hücuma keçən türk-Azərbaycan birləşmələri daşnak-bolşevik qüvvələrini məğlub edərək Ağsunu, iyulun 10-da isə Kürdəmiri azad edirlər.
A.İsgəndərov qeyd edir ki, bundan sonra mürəkkəb coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi həm qoşunlardan böyük şücaət tələb edirdi, həm də yerli əhalidəki erməni xofunu birdəfəlik silib atmalı idi.
Şamaxı, eyni zamanda, Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu.
1918-ci il iyulun 19-da Mürsəl paşa Şərq Cəbhəsinin komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzalayır. Güclü yağış və palçıqlı yollar döyüş texnikasının dağ şəraitində irəliləməsini xeyli çətinləşdirir. Bütün bunlara baxmayaraq, Şamaxı üzərində hücumu həyata keçirən 10-cu və 13-cü alayların şəxsi heyəti böyük fiziki dözüm və fədakarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr endirirlər.
Amma Şamaxı ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusunun komandanı Nuru paşanı razı salmamışdı. Nuru paşa yazırdı:
“Şamaxı ətrafındakı hərəkatın nəticəsi məni məmnun etməyib. Çünki mən düşmənin əsarət və imhası və dolayısı ilə Bakıya çəkilməkdə müvəffəq olmamasını istəyirdim. Bolşevik qüvvələrinin, ümumən, sağ-salamat geri çəkilməsi, onların Bakı ətrafında cəmləşməsi Bakının müdafiəsinin möhkəmləndirilməsi ilə nəticələnə bilərdi”.
İyulun 20-də döyüşlər davam etdirilir. Gün ərzində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi.
İyulun 28-də verilən döyüş əmrinə görə, Şimal qrupu Bakı istiqamətində hücumunu davam etdirərək Bakı ətrafına çatmalı idi. İyulun 29-da və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatırlar.
Qafqaz İslam Ordusu qüvvələrinin Bakı ətrafında ciddi müqavimətə rast gəlməməsi və milli qüvvələrin Bakıya sürətlə yaxınlaşması şəhərin tezliklə süqut edəcəyinə bir inam yaratmışdı. Döyüşlərdə yersiz itkilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərilir.
Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər.
Avqustun 1-də yeni hökumət – “Sentrokaspi” diktaturasının yaradıldığı elan edilir. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət “Daşnaksütyun” partiyasının əlində idi.
Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə “Sentrokaspi” qoşunları arasında döyüşlər yenidən başlanır. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatır.
Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa yenidən şəhərdəki qüvvələrə məktub göndərir. Məktub rus və türk dillərində yazılaraq Bakıdakı Erməni Milli Şurasının sədrinə və “Sentrokaspi” ordusunun komandanına ünvanlanır.
Məktubda deyilirdi:
“Cənab Erməni Milli Şurasının sədri, sizə aydındır ki, Bakı ətrafında türk qoşunu dayanır. Əgər siz şəhəri döyüşsüz təslim etməyə razı olsanız, milliyyətindən və dinindən asılı olmayaraq, hamının hüquqlarının qorunmasına zəmanət verirəm. Əgər şəhər təslim edilməsə, şəhər alınandan sonra axıdılan qan və dəyən ziyanın məsuliyyəti sizin üzərinizdə qalacaqdır”.
Lakin Erməni Milli Şurasının və “Daşnaksütyun” partiyasının liderləri məktuba cavab verməyərək, Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirirlər.
Bakı üzərinə qətiyyətli hücum avqustun 5-nə təyin edilir. Düşmənin müdafiə xəttinin ləğv edilməsinə və ikinci müdafiə xəttinə yaxınlaşmasına baxmayaraq, kifayət qədər top mərmisinin tədarük edilməməsi artilleriya hücumlarının dayandırılmasına səbəb olur. Artilleriya hücumundan məhrum olan piyadalar müdafiəyə keçməyə məcbur olurlar.
Düşmən Qafqaz İslam Ordusu hissələrini dörd kilometr geri çəkilməyə məcbur edir. Avqustun 5-dək davam edən qanlı vuruşmalarda düşmən tərəf iki min itki verir. Qafqaz İslam Ordusundan isə 139 əsgər, doqquz zabit şəhid olur, 463 nəfər yaralanır.
Qafqaz İslam Ordusunun Bakı üzərinə hazırladığı hücumun boşa çıxması düşmən cəbhəsində ruh yüksəkliyi yaradır.
Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi şəkildə orduya çağırılır. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olunur.
5 avqust uğursuzluğundan bir neçə gün sonra Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış bir müraciətnamənin məzmunu da bu məqsədə xidmət edirdi. Türk əsgərinə ünvanlanmış həmin müraciətnamədə deyilirdi:
“Türk ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili vətənimizə ən qiymətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: “Eyvah ki, türk bizə imdada gəlmədi” cümləsi yazılmış olacaq.
Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbisəni düşmən geyinəcək. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək İslam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcək.
Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq.
Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala, Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərməğan apar!”
Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə ikinci hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirdi.
Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb edir.
Avqustun 25-dən sentyabrın 13-dək davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20:30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı.
Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların səkkiz mini osmanlı, altı mini isə azərbaycanlı əsgər və zabit idi.
Sentyabrın 15-də döyüşlər səhər saat 5:30-da başlanır. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirilir. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verir. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara alır.
Saat 10:30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşır. “Sentrokaspi” rəhbərliyinə bu şərtlər diktə edilir ki, şəhər qeyd-şərtsiz təslim edilsin.
Şəhərdəki düşmən qüvvələrinin, top və silahların, binaların və digər obyektlərin təslim edilməsi, Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi şərti qoyulur.
Bakı şəhəri azad edilərkən 17 erməni, doqquz rus, 10 gürcü zabiti, 1.151 erməni, 383 rus, dörd ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürülür.
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı:
“Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülür. Sonra məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edir.
Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilir. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edir.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.
Aqşin Kərimov