Azərbaycan ordusu türk hərbçilərlə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad etdi və Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan hökuməti Gəncədən Bakıya köçürüldü. İşğalçı dəstələr qısa zamanda şəhəri tərk etdilər.
Bununla əlaqədar ÇıxışYolu.Com həmin gün baş verən hadisələrin mənzərəsini ətraflı izah edən tarix elmləri doktoru Fərid Ələkbərovun fikirlərini təqdim edir:
Hər bir xalqın tarixində gələcək nəsillərin həyatına təsir göstərəcək hadisələr baş verir. Bunun dərk edilməsi dərhal deyil, bir az sonra mümkün olur. O zaman ki millət öz inkişafı yolundakı yeni-yeni sınaqlara sinə gərərək, yaddaşın dərinliklərində əcdadlarının əsl qürur hissləri və heyranlıq doğuran əməllərinin olduğunu üzə çıxarır.
Azərbaycan xalqının həyatında belə möhtəşəm günlərdən biri 1918-ci il sentyabrın 15-də yaşanıb. Həmin gün Bakı bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad olundu.
Biz bunu son illər dərk etmişik, 86 il boyunca Bakı hadisələri ilə bağlı bütün həqiqətlər gizlədilib.
Həqiqət isə belədir ki, 1918-ci ilin sentyabrında Bakı Azərbaycan ordusu və Osmanlı qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklara qarşı aylarla davam edən qanlı döyüşlərdən sonra azad edildi. Addım-addım, metr-metr azad olunan Bakı Azərbaycan Demokratik Respublikasının paytaxtı oldu.
Osmanlının köməyi
Türk ordusunun yardımı nəhəng və misilsiz olub. Nuru Paşanın komandanlığı ilə türk ordusunun vaxtında dəstəyi nəticəsində Azərbaycan paytaxtını geri qaytara bildi.
Bu döyüşlərdə 1130 türk əsgəri şəhid olub. Bu gün Azərbaycanın bəzi rayonlarında türk əsgərlərin xatirəsinə komplekslər ucaldılıb.
Azərbaycanın çətin günlərində köməyə gələn türk qardaşlarımızın tarixi xidmətlərini hər hansı şəkildə qiymətdən salmayaraq, qeyd etmək olar ki, 1918-ci il sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusunun əsasını azərbaycanlı döyüşçülər təşkil edirdi.
Ordunun bütün artilleriyasına general Şıxlinski komandanlıq edirdi. Qafqaz İslam Ordusunda azərbaycanlı əsgərlərin ümumi sayı 11 mindən çox, Azərbaycana köməyə gələn türk əsgərlərinin sayı isə dörd minə yaxın idi.
Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə keçmiş çar generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov tərəfindən formalaşdırıldı. Orduya ilk çağırış 1918-ci il avqustun 11-də oldu. 1894-1899-cu il doğum Azərbaycan Respublikasının bütün müsəlman əhalisi xidmətə çağırıldı.
Sentyabrın 1-də hərbi nazirlik yaradıldı, onun rəhbəri baş nazir Fətəli xan Xoyski, müavini general Mehmandarov oldu. Azərbaycan ordusuna silah təlimlərinin keçirilməsində və komplektləşdirmədə Türkiyədən olan zabitlər çox böyük yardım göstərdilər.
Nəticədə, Azərbaycan Silahlı Qüvvələri həqiqi döyüş qüvvələrinə çevrildi və üzərinə düşmüş tarixi missiyanı – Bakının azad olunmasını şərəflə həyata keçirdi.
Tarixi mənbələrə görə, Bakının azad olunması zamanı Azərbaycan və Türkiyə qoşunları sırf “Sentrokaspi” diktaturası qüvvələri ilə döyüşürdü və şəhərdəki Britaniya ordusu ilə heç bir toqquşmalar yaşanmırdı. Ancaq britaniyalı iştirakçıların memuarları bunun əskini deyir. Britaniyalılar Bakıda Qafqaz İslam Ordusuna qarşı duran yeganə döyüşkən qüvvə idi. Belə ki, 1918-ci il sentyabrın 14-də ingilis batalyonu hələ də Qafqaz İslam Ordusu ilə döyüşürdü.
Bakının girişindəki Qurd qapısı
Bakının azad olunmasını bəzən Azərbaycanın müstəqilliyi uğrunda ümumi mübarizədən kənar hesab edirlər. Bakı Azərbaycan-Türkiyə ordusunun blits-atışı nəticəsində azad edildi, məqsədyönlü məntiqi hücumlar nəticəsində Azərbaycan ordusu günbəgün bolşevik hərbi birləşmələri, yadelli işğalçıları və daşnakları Azərbaycanın bütün rayonlarından çıxardılar.
Belə ki, 1918-ci ilin yayında başlanan hücumlardan sonra Azərbaycan hökuməti ölkənin bütün ərazisini nəzarətə götürdü, Qafqaz İslam Ordusu isə Bakının 16 kilometrliyinə qədər irəlilədi.
Kapitan Caddın xatirələri
Bakının azad edilməsi ilə bağlı hərbi əməliyyatlar barədə həmin dövrdə Bakıdakı ingilis qoşununun tərkibinə daxil olan kapitan Sesil Cadd xatirələrini yazıb. O, “General Denstervillə İran və Zaqafqaziyada” kitabında yazır:
“Türklər bu vaxt şəhərin 200 yardında mövqe tutmuşdular. Onların sərəncamında hansı qoşun növlərinin olması məlum deyildi, təxminən 10 min nəfərlik qoşun idi. Azərbaycan ordusu türklərlə birləşmişdi. Ordunun tərkibində çox sayda yerlilər var idi ki, onlar da kəşfiyyat işlərində xüsusi bacarığı ilə seçilirdilər…”
Avqustun 31-də türklər hücum edərək, ingilis bölüyünün nəzarətində olan Binəqədi dağını azad etdi. Kənddə olan ermənilər nəinki ingilislərə yardım etmədi, hətta geriyə çəkildilər. Britaniyalıların itkiləri çox ağır oldu.
Həlledici hücum sentyabrın 14-də baş tutdu. Hücum ermənilərin və ingilislərin nəzarətində olan Qurd qapısı və Biləcəri kəndi istiqamətində edildi. Qurd qapısında erməni birləşmələri müqavimət göstərmədi. Səhər saatlarında şəhərin şərq hissəsi tamamilə türklərin nəzarətində idi.
Ermənilərin geri çəkilməsi nəticəsində ingilislər sağ cinahda məğlub oldular, onları tamamilə məhvolmadan şəhər yaxınlığındakı yüksəkliyə doğru hərəkət xilas etdi.
Qırmızı Ordu birliyinin böyük hissəsi türklərə az müqavimət göstərdi və bəzi hissələri Bakıdan qaçdı. Rusiyalıların əks həmlələri heç bir nəticə vermədi və saat 04:00-da şəhər tamamilə azad edildi. Döyüş ruhunu itirmiş qoşunda nizamsızlıq hökm sürürdü: pulemyotların əksəriyyəti itirilmişdi, bəzi silahlar tamamilə sıradan çıxmışdı. “Sentrokaspi” diktaturasının rəhbərliyi növbəti gün təslim olma məsələsini müzakirə etdi.
General Denstervil müdafiə fəaliyyətini mənasız hesab edib, qoşunlarını geri çəkdi. Bundan sonra axşam saat 08:00-da ingilis quru qoşunları 8-ci batareya ilə birlikdə “Kursk” və “Prezident Kryuger” nəqliyyatlarına yerləşdirildi.
“Sentrokaspi” diktaturasının məğlubolma səbəbləri
Azərbaycan-türk ordusunun uğurları “Sentrokaspi” diktaturasının əsgərlərinin döyüş ruhunun azalmasına səbəb oldu. Onların əksər hissəsi daşnak bölmələrindən ibarət idi.
Sərxoşluq, fərarilik və soyğunçuluq polkovnik Lazar Biçeraxovun dəstəsi və onun silahdaşları üçün adi hal idi. General Denstervil öz xatirələrində kinayə ilə Bakının müdafiəsinin təşkili cəhdlərindən yazıb. O qeyd edib ki, “Sentrokaspi” diktaturasınin zabit və əsgər heyəti bütün gün kafelərdə oturur və qadınların ətəklərinə baxır, ancaq normal döyüşmək iqtidarında deyillər.
Menşevik, eser və daşnaklarda nizam-intizam aşağı səviyyədə idi, Denstervil bir neçə məzəli vəziyyəti xatırlayıb. Ona məlumat veriblər ki, cəbhə xəttində erməni artilleriyaçı silahı ilə itib. Daha sonra müəyyən olunub ki, əsgər “fasilə” vaxtı yemək və istirahət üçün evə gedib, ona təhkim olunmuş silahı da özü ilə götürüb ki, onu oğurlamasınlar. Belə hərbçilərlə “Sentrokaspi” diktaturasının taleyi əvvəlcədən həll olunmuşdu. Bunu hiss edən ingilislər Bakını tərk etmək qərarına gəldilər.
Təəssüf ki, qəzetdə yer çatışmazlığı səbəbindən hadisələrin bəzi məqamları ixtisar olunub. Bunlar aşağıdakılardır:
“…Xüsusilə, kapitan Sesil Cadd Bakıdakı ingilis qoşunlarının dəqiq sayını göstərib: “Britaniya qoşunlarında 1000 hərbçi var, onlar 4 hissəyə ayrılaraq, müdafiə xəttinin müxtəlif bölmələrində xidmət aparır”.
Kapitanın fikirlərinə əsasən, ingilislərin əsas tapşırığı Bakının türk və azərbaycanlılar tərəfindən tutulmasına imkan verilməməsi idi. Bu məsələdə o, erməniləri “çox qiymətli element” hesab edirdi, onlar türklərdən qorxsalar da, Bakının Azərbaycan hökumətinə verilməsinə qarşı idilər. Ancaq bununla yanaşı, kapitan bildirib ki, daşnakların döyüş qabiliyyəti və nizam-intizamı yox idi, ona görə onlar özlərinin əvəzinə ingilisləri türklərə qarşı döyüşə göndərməyə çalışırdılar.
Cadd əsəbi şəkildə yazır ki, britaniyalılar Qafqaz İslam Ordusu ilə döyüşə başladığı zaman daşnaklar və rus kazaklar öz mövqelərini qoyub qaçırdılar. Kapitan Sesil Cadd və onun komandiri general Denstervil bu müharibəni fərqli təsəvvür edirdilər. Onlar fikirləşirdilər ki, britaniyalılar buraya “Sentrokaspi” diktaturasının təlimatçısı kimi gələcəklər, döyüşlərdə isə erməni və rusiyalılar döyüşəcək. Ancaq başqa cür oldu. Bu da ingilislərin sentyabrın 14-də Bakını tərk etməsinə səbəb oldu. General Denstervil vidalaşma zamanı bu sözləri dedi:
“Qoy, onlar bir-birilərini qırsınlar. Ola bilsin ki, biz bundan sonra burada qayda-qanun qura biləcəyik”. Ancaq ingilislərə burada “qayda-qanun yaratmaq” istəyi baş tutmadı. Doğrudur, bir neçə ay sonra onlar Bakıya qayıtdılar, ancaq bu, uzunmüddətli olmadı. Burada “kommunist qayda-qanunu”nu 1920-ci il aprelin 28-də XI Qırmızı Ordu qurdu, ingilislər isə bu dəfə yenə Bakıdan çıxarıldılar.
Denstervil qeyd edib ki, ingilislər gəmilərə oturduqdan sonra da problemləri bitmədi. İş burasındadır ki, britaniyalılarla yanaşı, şəhəri eser və daşnaklar da tərk etməyə hazırlaşırdı. Onlar ingilislərə xeyli əziyyət verdilər. General deyir ki, gəmi sahildən tərpənən kimi məlum olurdu ki, bakılı müttəfiqlərimizdən kimsə sahildə arvadını, digəri baqajını unudub, üçüncünün isə dəniz xəstəliyi var. Bu səbəblərə görə ingilis gəmisi bir neçə dəfə sahilə yan almalı oldu.
Herbert Uellsin acı ironiyası
Tanınmış ingilis yazıçısı Herbert Uells (1866 – 1946) 1920-ci ildə Sovet Rusiyasında olub. Bu səfərin nəticələri “Rusiya qaranlıqda” kitabında yer alıb. Bu əsərdə bir neçə sətir də Bakıya həsr olunub. Kremldə Uellsə Azərbaycan paytaxtındakı son hadisələrlə bağlı film nümayiş olunub.
O yazır ki, bu sənədli filmdə ingilislərin iki dəfə Bakıdan çıxarılması əks olunub: birinci dəfə Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 14-də, ikinci dəfə isə 1920-ci ilin aprelində bolşeviklər tərəfindən.
Uelss yazır: “Sonra Bakıda möhtəşəm parad keçirildi, təəssüflə qeyd etməliyəm ki, paradda ingilis əsgərləri tələsik qaçan zaman unutduğu silahlar da nümayiş etdirilirdi”.
Bu məsələ ilə bağlı verilən dörd əsas sual:
1. Qalib ordu hansı rejimi qurdu? Hansı partiyalara icazə verildi və hansılar qadağan edildi?
2. Azad edilmiş Azərbaycanda çevrilişlər oldu? O, qonşuları ilə müharibə aparırdı və hansı diplomatik işlər görülürdü? Onu kimlər tanıdı (Şərq və Qərb ölkələrindən)? Ölkənin iqtisadiyyatı necə inkişaf edirdi?
3. Azərbaycan Türkiyə və ya İrandan vassal asılığında idi?
4. Qalib gələn İslam Ordusu niyə Qırmızı Orduya uduzdu?
CAVABLAR:
1. Demokratik rejim quruldu – müsəlman Şərqində ilk respublika. Heç bir partiya qadağan olunmamışdı. Azərbaycan parlamentinə keçirilən seçkilərdə müsavatçılarla yanaşı, ermənilərin “Daşnaksütyun” partiyası, rusiyalı milliyyətçilər, bolşeviklər, menşeviklər və digərləri iştirak edirdi. Onlar hamısı Azərbaycan parlamentində çoxluq təşkil edirdilər.
2. Çevrilişlər olmadı. Hökumət aparatında məmurlar dinc formada dəyişdirilirdi. Ermənistanla Qarabağda müharibə gedirdi. Azərbaycanın müstəqilliyini Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və digər ölkələr tanıyıb. Bir çox Avropa ölkələrində diplomatik nümayəndəliklərimiz və səfirliklərimiz açıldı. İqtisadiyyat inkişaf edir, neft hasilatı artırdı.
3. Azərbaycanın heç bir ölkədən vassal asılılığı yox idi. Nəhəng ölkələr öz işləri ilə məşğul idi. Vətəndaş müharibəsi Rusiyanı dağıdırdı. 1918-1919-cu ildə Rusiyanın cənubuna Denikin və Branqel nəzarət edirdi. Bolşeviklərin Azərbaycana əli hələ çatmırdı. Türkiyədə Osmanlı imperiyası süquta uğradı. Sultan təslim oldu. Atatürkün rəhbərliyi ilə bütün xalq Antantaya qarşı mübarizəyə başladı. Onların Azərbaycanı qoruyacaq gücü yox idi. İranda Qacarlar sülaləsi son nəfəsini alırdı. Ölkəni şah əleyhinə etirazlar bürümüşdü. İran da Azərbaycanın işlərinə qarışmırdı.
Nəhəng ölkələr böhrandan çıxan kimi – bolşeviklər Denikini əzdi, Atatürk Antantanı məğlub etdi, Rza xan Pəhləvi İran taxtına oturdu – Azərbaycan Demokratik Respublikası süquta uğradı.
4. İslam Ordusu Bakını iki aydan sonra tərk etdi, çünki Almaniya və Türkiyə Birinci Dünya Müharibəsində məğlub olmuşdu və razılaşmaya əsasən, general Tomsonun rəhbərlik etdiyi ingilis ordusu Bakıya daxil oldu. Onlar çox az sayda olduqları üçün Azərbaycan hökumətinin köməyi olmadan heç nə edə bilmirdilər. Britaniyalılar tezliklə buranı tərk etdi. Azərbaycanda yalnız 40 min nəfərdən ibarət öz qoşunu qaldı. Onların yarısı Qarabağ cəbhəsində Ermənistanla döyüşürdü.
Qalan qüvvələr isə Sovet Rusiyasının iki milyonluq ordusuna qarşı durmalı idi. Azərbaycan Demokratik Respublikası sülhlə hakimiyyəti bolşeviklərə təslim etdi.
Ordu rəsmi olaraq “Qafqaz İslam Ordusu” adlanırdı. Bu, sadəcə, “türk ordusu” deyildi. Azərbaycan və Türkiyə hərbçilərindən ibarət ordu Azərbaycanın o zamankı paytaxtı Gəncədə yığılmışdı. Orduya general Nuru paşa komandanlıq edirdi.
Qafqaz İslam Ordusunun yaradılmasında məqsəd Osmanlı İmperiyasının Qafqazdakı mövqelərini gücləndirməkdən ibarət idi.
Türkiyəli general Kazım Qarabəkir paşa deyirdi ki, 1918-ci il fevralın 23-də Ənvər paşa ona Qafqaz İslam Ordusuna komandanlığı təklif etdi. Ancaq Qarabəkir paşa o zaman Ərzurumun azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün bu təklifi qəbul etmədi. O zaman Ənvər paşa komandanlığı ögey qardaşı Nuru paşaya həvalə etdi.
1918-ci il martın 25-də Nuru paşa Mosulu tərk etdi və Azərbaycana yollandı. Onunla yanaşı, 149 türk zabiti və məmuru, eləcə də, 488 əsgər Azərbaycana gəldi. 1918-ci il aprelin 5-də Ənvər paşa 12 maddədən ibarət Qafqaz İslam Ordusunun Nizamnaməsini təsdiq etdi.
Maddə 1. Qafqazlılar tərəfindən Qafqaz ordusunun yaradılmasında məqsəd ordunun genişləndirilməsi və möhkəmləndirilməsi, əsgərlərin təlimi, İslamın faydalarının təbliği, Qafqazda Müqəddəs Xilafətlə Osmanlı İmperiyası arasında siyasi və hərbi əməkdaşlıq üçün əsasların yaradılmasıdır. Bu təşəbbüs mümkün qədər Rusiyada yaşayan müsəlmanlar arasında da yayılacaq.
Maddə 2. Ordunun komandanı Osmanlı hökumətinin və İslam xəlifəsinin Qafqazdakı ali nümayəndəsidir.
Maddə 3. Baş Qərargah rəisi yalnız hərbi işlərlə məşğul olacaq və heç bir əsasla digər məsələlərə müdaxilə etməyəcək.
Maddə 4. Ordunun komandanı ordunun siyasi şöbəsinin yaxından köməyilə siyasi məsələləri həll edəcək.
Maddə 8. Yerli əhali arasında ordu sıralarının komplektləşdirilməsi ordu komandanının səlahiyyətlərinə daxildir.
Maddə 9. Ordunun silah, ərzaq və digər ləvazimatlarla təchiz edilməsi hələlik Osmanlı Hərbi İşlər Nazirliyi tərəfindən maliyyələşdiriləcək.
1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperiyası arasında Batumidə əməkdaşlıq sazişi imzalandı və bundan sonra Osmanlı ordusu regiona daha intensiv hərbi müdaxilə imkanı qazandı. 5-ci Qafqaz diviziyası Vahib paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi və kömək üçün Azərbaycana göndərildi.
Yeni yaradılmış Azərbaycan Silahlı Qüvvələri və yerli könüllülər də Qafqaz İslam Ordusunun tərkibinə daxil idi. Orduda 12 min azərbaycanlı və dörd minə yaxın türk hərbçi var idi. Ancaq azərbaycanlı əsgərlərin çoxu az təlim keçmiş və pis silahlanmışdılar.
Həmin vaxt Azərbaycan ordusunun yaranmasından bir neçə həftə keçmişdi
Azərbaycan Demokratik Respublikasının müdafiə nazirinin müavini, general Əliağa Şıxlinski xatirələrində yazırdı ki, dünənki kəndliləri, heç vaxt orduda xidmət etməyən şəxsləri sırada saxlamaq və atəş açmağı öyrətmək çox çətin idi. Buna baxmayaraq, Azərbaycan əsgərləri cəsarətlə vuruşub və əsl qəhrəmanlıq nümunələri göstəriblər.
Osmanlı hərbçilərinə gəlincə, onlar yaxşı hazırlanmış və silahlanmışdılar, eləcə də, Bakının və digər Azərbaycan rayonlarının azad olunmasında həlledici rol oynamışdılar. İntizamlı və yaxşı təlim görmüş türklər bolşeviklərin və daşnakların kiçik qüvvələrinə asanlıqla qalib gəlirdilər. Misal üçün, Muğanın Kürqaraqaşlı kəndi Bakı şurasının quldurları tərəfindən dağıdılmışdı. Yerli sakinlər kənddən qaçmış və gizlənmişdilər. Kəndin azad olunması üçün ora bir türk zabit, üç əsgər və bir pulemyot göndərildi.
Onlar qısa zamanda itki vermədən kəndi azad etmişdilər. İş burasındadır ki, quldurlar türklərin hərəkətə keçdiklərini düşünüb, oranı tərk etməyə başlamışdılar. Oxşar hadisələr Azərbaycanın başqa regionlarında da baş vermişdi.
Beləliklə, Azərbaycan – osmanlı hərbçilərinin birləşmələrindən yaranan Qafqaz İslam Ordusu Azərbaycan Silahlı Qüvvələrinin tərkibinin formalaşmasında böyük rol oynayıblar.
Azərbaycan milli ordusu artıq osmanlı generallarının deyil, Azərbaycan Demokratik Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi, xüsusən də general Səməd bəy Mehmandarov və general Əliağa Şıxlinski ilə formalaşırdı. 1920-ci ildə ADR ordusunun tərkibinə 40 min əsgər və zabit heyəti daxil idi.