743edcda-4278-4ae8-8cc5-92c6e8fefa06..jpg

Bakının azad olunmasından 105 il keçir – FOTO

Baxış sayı: 584 dəfə baxılıb.

Bakının azad olunmasından 105 il keçir – FOTO

Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu
gündür.

Cixisyolu.com tarixi günə qısa səfər edib.

105 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi
Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri
erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın
müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf
rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin
ən şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq,
ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni və bolşeviklərin
nəzarəti altında idi. Bu halda isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür
etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan
gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş
Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı
ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə
baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı
Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə
yerinə yetirdi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə,
Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl
bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk
ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət
Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru
paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.

1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu
və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi
əməliyyatlarda 1130 şəhid veriblər.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də
təkcə Bakıda deyil, digər şəhər və rayonlarda da ölkəmizin ərazi bütövlüyü
uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər
xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi
abidəsi önündə anım mərasimi keçirilir.

Source link