Bakının gəzən heykəlləri… – FOTO
Adətən bir adam hərəkətsiz dayananda “Heykəl kimi nə donmusan?” deyirlər.
“Lent.az” donmayıb gəzməyi bacaran heykəllərdən söz açıb.
Bakıda xeyli sayda heykəl və abidələr var. Çox vaxt fərqində olmadan yanından
ötüb keçdiyimiz heykəllər əslində böyük bir siyasi-mədəni dövrü əks etdirir.
Zaman içində onların bəziləri sökülür, daş da olsalar, ideologiyaya qurban
gedirlər.
Belə heykəllərdən biri “Azad fəhlə” heykəlidir.
Bu fəhlə bir zamanlar “Fəhlə” prospektini bəzəyir, zəhmətkeşlər “1 may”
bayramında qarşısına çiçəklər düzürdülər. Sonra prospektə Nobel adı verildi və
milyonçu Nobel azad fəhləni bəyənmədi. Ona bu prospektdə yer olmadı daha.
Prospektin ortasında yerləşdirilmiş heykəli öncə bir kənara çəkdilər, sonra da
tamamən gözdən uzaq yerə daşıdılar.
2013-cü ilin mayın 14-də Nizami rayonu ərazisində, Mikayıl Əliyev və Rüstəmov
küçələrinin kəsişməsində yerləşdirildi.
Kimsənin də marağında olmadı ki, Yer kürəsini məhvərindən çıxarmağa çalışan bu
kişi nə istəyir. “Azad fəhlə” oldu gəzən və unudulan fəhlə.
Abidənin yerinin dəyişdirilməsi bir zamanlar narazılığa da səbəb olmuşdu.
“Azad fəhlə” yetim və kimsəsiz deyilmiş. O vaxt Azərbaycan Fəhlə Zəhmətkeşlər
İttifaqı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət
etmiş, cavab olaraq Sovet dönəminə aid heykəllərin çoxunun yerinin
dəyişdirilməsinin vacibliyi ilə bağlı cavab almışdı. “Azad fəhlə” isə nə
kommunist idi, nə kapitalist. Ona görə də sökülməyib bir kənara çəkdirildi.
Dünyanın ən maraqlı heykəllərindən biri şair, qəzəlxan Əliağa Vahidin
heykəlidir. Daş üzərində onun həyat hekayəsi təsvir edilib.
Heykəl əvvəlcə, 1990-cı ildə filarmoniyanın yanındakı bağda qoyulmuşdu.
2008-ci ilin sonunda İçərişəhərdə Şirvanşahlar sarayının yanındakı bağa
köçürüldü. Heykəlin müəllifi Natiq Əliyev, Rahib Həsənov, memarı Sənan
Salamzadədir.
Gərgin axtarışlar sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli
tapılır. Abidədə Vahidin yalnız başı təsvir olunub. Baş yerdən çıxmış ağac
gövdəsinə bənzəyir. Gövdənin budaqları, yəni Vahidin saçları isə müxtəlif
qravüralardan ibarətdir.
Vahidin saçlarında ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Bu epizodlarda
Vahidin toy məclisi təsvir olunub. O, öz toyunda iştirak edir. Başının sol
tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və
qəzəlin ayrılmazlığına işarədir. Bir tərəfdə isə Vahidin dəfn mərasimidir.
Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları
yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl
Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın
ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu
başın alt hissəsindəki obraz buna işarədir.
Növbəti gəzən heykəl Şah İsmayıl Xətainin heykəlidir.
Heykəl 1993-cü ildə Bakının Xətai rayonunda ucaldılıb. Yüksək estetikası ilə
seçilən bu heykəl öncə Yusif Səfərov küçəsinin ortasında yerləşdirilmişdi,
gedib-gələn avtomobillər kiminsə onu yaxından görməsinə imkan vermirdi. Sonra,
yəni 2020-ci ildə heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası
ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü. Hərçənd heç
indi də kimsə gedib ona baş çəkmir.