“Bakı” futbol komandasının keçmiş qapıçısı Mustafa Kemal Söyləməz faciəvi şəkildə vəfat edib.
ÇıxışYolu.Com xəbər verir ki, 32 yaşlı qapıçı Bakının Yasamal rayonunda kirayədə qaldığı mənzildə dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan və Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olan türk otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Qeyd edək ki, futbolçu hadisə vaxtı evdə tək olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən mərhumun meyiti basdırılmaq üçün Türkiyəyə göndəriləcək.
Məsələ ilə bağlı “Bakı” klubunun vitse-prezidenti Yaşar Seyidovun da fikirlərini öyrəndik. O, ÇıxışYolu.Com-a açıqlamasında qeyd etdi ki, qapıçı ötən mövsüm komanda həvəskarlar liqasında mübarizə apararkən çıxış edib:
“Bədbəxt hadisə iki gün əvvəl baş verib. Onun həm Türkiyə, həm də Azərbaycan vətəndaşlığı vardı. Ötən mövsümə kimi bizdə oynayıb. Cari mövsüm böyüklərdən ibarət komandamız dağıldığından və klub yalnız akademiya formasında fəaliyyət göstərdiyindən, onunla da yollarımızı ayırmalı olmuşduq”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com