Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?

Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?

Baxış sayı: 3. 607 dəfə baxılıb.

Paytaxtın Afiyəddin Cəlilov küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki işıqforun fəaliyyət rejimi sürücüləri kifayət qədər narahat edir. Bir istiqamətə 90 saniyə qırmızı işıq yanması nəqliyyatın hərəkətində sıxlıq yaradır ki, bu da hərəkətin tənzimlənməsinin düzgün təyin edilmədiyinə dəlalət edir. Bəs bu problemi necə həll etmək olar? Hansı alternativ variantların tətbiq edilməsi zəruridir?

Məsələ ilə bağlı ÇıxışYolu.Com-a danışan nəqliyyat eksperti Elməddin Muradlı sürücülərin haqlı narazılıq etdiyini vurğulayıb.

Onun sözlərinə görə, sözügedən küçələrin kəsişməsində paralellik aparılmayıb:

“Yusif Səfərov küçəsini şəhərdən çıxış nöqtəsi kimi götürsək, Heydər Əliyev və Babək prospektlərinə çıxış var. Amma Afiyəddin Cəlilov küçəsi ilə gələn sürücülər üzü şəhər istiqamətinə gedir. İrəlidən isə Üzeyir Hacbəyov, Səməd Vurğun küçələrinə doğru yollar ayrılır.

Yəni, burada Y.Səfərov küçəsinə 80-90 saniyə qırmızı işıq verib, A.Cəlilov küçəsini 20-25 saniyə yaşıl işıqla təmin etmək düzgün deyil. Belə olan halda nəqliyyat axını düzgün tənzimlənmir. Mənə elə gəlir ki, bu yolda yaranan problemi aradan qaldırmaq üçün yeraltı tunel açmaq olar. Eyni zamanda, Nobel prospektindən Y.Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələrinə mane olmadan A.Cəlilov küçəsi ilə gəlib Y.Səfərov küçəsinə dönən nəqliyyat vasitələri üçün sağ zolaqdan daimi hərəkət təmin etmək mümkündür.

Bakının mərkəzi küçələrinin kəsişməsində nə baş verir?

Dediyim vəziyyət paytaxtın H.Əliyev küçəsindən üzü Atatürk prospektinə gedən yolda müşahidə edilir. Fikir versəniz, bu istiqamətdə körpünün sağ tərəfində bir zolaq daim işlək vəziyyətdədir. Üzü Ayna Sultanova istiqamətində daimi hərəkəti təmin edən zolaq var və bu, digər nəqliyyat vasitələrinin hərkətinə heç bir maneə yaratmır. Digər istiqamətə gedən sürücülər isə H.Əliyev küçəsi ilə tunelə daxil olaraq yolu davam etdirə bilirlər.

Bu sistemi A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində istifadə etmək olar. Burda yarana biləcək bir çətinlik var ki, Y.Səfərov küçəsindən şəhər istiqamətinə gələn nəqliyyat vasitələrinin hərəkətində xaos yarana bilər. Çünki bəzi sürücülər Y.Səfərov küçəsi ilə gəlib Nobel prospektinə dönmək üçün məcburən “Megafun”ın yanından geriyə dönmə əməliyyatı aparırlar. Bu problemi həll etmək üçün sürücülərə hər hansı alternativ istiqamət yaratmaq olar. Sürücülər Cavanşir körpüsü üzərinə çıxaraq hərəkətə davam etsələr heç bir sıxlıq yaranmaz deyə düşünürəm. Ümumilikdə bu istiqamətdə görülməsi gərəkən işlər çoxdur. Körpüdənsə daha yaxşı olar ki, yeraltı tunel açılsın”.

Könül Cəfərli