Bakının rəqəmsal əkizi istifadəyə verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Uzun müddətdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən
bir çox parametrlərinə görə öz mürəkkəbliyi ilə fərqlənən Bakı və Abşeron
regional aqlomerasiyası üzrə rəqəmsal əkizin yaradılması istiqamətində işlər
aparılırdı. Beynəlxalq məsləhətçi şirkətin də cəlb olunması ilə hazırlanan
rəqəmsal əkiz artıq istifadəyə verilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, RİNN-dən bildirilib. Qeyd olunub ki,
burada nazirliyin strukturları ilə yanaşı, digər dövlət və özəl təşkilatlardan,
o cümlədən mobil operatorlardan, naviqasiya şirkətindən əldə edilən həcmi
100-lərlə terabaytla ölçülən milyonlarla rəqəmsal məlumat toplanılıb.
“Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin
optimallaşdırılması işləri məhz həmin rəqəmsal əkizə əsaslanmaqla icra edilir.
Bu günədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihələr rəqəmsal
əkiz üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr
əldə olunub. Ən səmərəli layihələr prioritetləşdirilib. Ölkənin kiçik
regionları üçün bu həcmdə bahalı alətdən istifadə olunması elə də məqsədəuyğun
hesab edilmir. Beynəlxalq təcrübədə də rəqəmsal əkizlər, adətən mürəkkəb və
böyük məlumat emalını nəzərdə tutan regionlar üçün yaradılır”.
Həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü
il tarixli müvafiq sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb.
Dövlət başçısının 22 noyabr 2023-cü il tarixli müvafiq fərmanı ilə təsdiq
edilən əsasnaməsində də qeyd olunduğu kimi, müxtəlif dövlət qurumlarının
nümayəndələrinin daxil olduğu şuraya sədrliyi rəqəmsal inkişaf və nəqliyyat
naziri edir. Əsasnaməyə əsasən, ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin
koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və
nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili,
təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və
təkmilləşdirilməsi məhz Nəqliyyatı Əlaqələndirmə Şurasına həvalə edilib.