a78f809f-d85d-466a-8668-7894e7c41e5b..jpg

Bakının regional əməkdaşlıq formulu: Tbilisi vasitəçilikdə həvəslidir – ŞƏRH + FOTO

Baxış sayı: 673 dəfə baxılıb.

Bakının regional əməkdaşlıq formulu: Tbilisi vasitəçilikdə həvəslidir – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda yeni hökumətin formalaşması təkcə bu ölkə üçün deyil, bütövlükdə
region üçün əhəmiyyətlidir. Çünki rəsmi Tbilisi regional aktor olaraq bölgədə
baş verən hadisələrdə mühüm rol oynayır. Bu, özünü Ermənistanla Azərbaycan
arasında münasibətlərin normallaşması prosesində, həmçinin ehtimal olunan sülh
sazişi məsələsində də göstərir.

Fevralın 8-də Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib. İrakli
Kobaxidze ölkənin yeni baş naziri olub. O, bu vəzifədə İrakli Qaribaşvilini
əvəz edib.

İndi əsas suallardan biri Gürcüstandakı yeni hökumətin Ermənistanla Azərbaycan
arasında normallaşma prosesində hansı rolu oynamasıdır.

Gürcüstan iki ölkə arasında sülh sazişinin imzalanmasını həmişə dəstəkləyib.
Hər iki ölkə ilə qonşudur və münasibətlərin normallaşması onun üçün siyasi,
iqtisadi, təhlükəsizlik baxımından əhəmiyyətlidir.

Bu ölkənin xarici işlər naziri və bu vəzifəyə yenidən namizəd olan İlya
Darçiaşvili fevralın 8-də parlamentdə çıxışı zamanı bildirib ki, Tbilisi
Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə
maraqlıdır. O bildirib ki, Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin
təşviqi üçün mühüm addımlar atıb:

“Biz istəyirik ki, Tbilisi gələcəkdə qonşularımız arasında etimadın
yaranmasına dəstək üçün istənilən aktual mövzuların müzakirə olunduğu
platformaya çevrilsin. Hökumətin “Avropa dövlətinin qurulması naminə” yeni
proqramına əsasən, Gürcüstan Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin
təşviqi üçün səylərini əsirgəməyəcək”.

Məsələ ondadır ki, sülh sazişində vasitəçilik iddiasında olan xarici
aktorların əksəriyyəti, o cümlədən ABŞ, Fransa, Avropa İttifaqı özlərinin
regional maraqlarını nəzərə alırlar. Onlar bölgədə təsir güclərini artırmaq və
bunun üçün gərginliyin davamlı olmasını istəyirlər. Bir çox hallarda alət kimi
istifadə etdikləri Ermənistanın və bölgənin taleyi adı çəkilən oyunçuların heç
birini maraqlandırmır.

Gürcüstan isə region ölkəsi olduğundan bölgədəki sabitlikdə birbaşa
maraqlıdır. Üstəgəl, Tbilisinin həm Bakı, həm də İrəvanla müsbət dinamika ilə
inkişaf edən münasibətləri var. Belə bir şəraitdə Gürcüstanın yeni hökuməti hər
iki qonşusu ilə münasibətlərin inkişaf etdirilməsinə səy göstərəcək. Bu isə
öz-özlüyündə sülh sazişinə töhfə verilməsini nəzərdə tutur.

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı
arasında telefon danışığı olub. C.Bayramov Gürcüstanın yeni qurulmuş
hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını
təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin
cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində
mövcud planlar və perspektivləri müzakirə ediblər.

Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Düşünmək olar ki, Azərbaycan da Gürcüstanın vasitəçilik səylərində maraqlıdır.
Əlbəttə, ikitərəfli təmaslar daha effektivdir. Bunu əldə olunan nəticələr və
rəsmi İrəvandan verilən mesajlar da göstərir.

Lakin nəzərə almaq lazımdır ki, platformaya ehtiyac yarana bilər. Gürcüstan
bunun üçün etibarlı ölkədir. Gələcəkdə müxtəlif səviyyəli görüşlər bu ölkədə
keçirilə bilər.

Onu da deyək ki, rəsmi Tbilisi Cənubi Qafqazda təhlükəsizliyi təmin edə
biləcək 3+3 formatının (Azərbaycan, Gürcüstan, İran, Rusiya, Türkiyə,
Ermənistan) iştirakçısıdır. Gürcüstanın normallaşma münasibətlərinə töhfəsi bir
neçə cəhətdən effektiv ola bilər.

Birincisi, üç ölkə arasında intensivləşən təmaslar altılıq layihəsi
platformasının inkişafına xidmət edə bilər.

İkincisi, Rusiya ilə münasibətlərə görə, Gürcüstan 3+3 layihəsinə o qədər də
isti yanaşmır. Amma Tbilisinin Bakı ilə İrəvan arasındakı normallaşma
prosesindəki rolu Moskva ilə “buzların əriməsinə” də kömək edə bilər. Çünki
Rusiya bu prosesin birbaşa iştirakçısıdır.

Üçüncüsü və ən əhəmiyyətlisi, regionda təhlükəsizlik arxitekturası
formalaşacaq.

Beləliklə, Gürcüstan platformasını müsbət qiymətləndirmək olar. Düşünmək olar
ki, gələcəkdə Tbilisinin ev sahibliyi və iştirakçılığı ilə təmaslar
intensivləşəcək.

“Report” İnformasiya Agentliyi

Source link