18fa6c6c-1630-4e14-9a79-648f3d15c0d7..jpg

“Baletin şahzadəsi”: “Kaspi” qəzeti xalq rəqslərini səhnəyə gətirən Qəmər Almaszadəni xatırlayır – FOTO

Baxış sayı: 859 dəfə baxılıb.

“Baletin şahzadəsi”: “Kaspi” qəzeti xalq rəqslərini səhnəyə gətirən Qəmər
Almaszadəni xatırlayır – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli balet məktəbinin yaradıcılarından olan Qəmər Almaszadənin ölkəmizdə
balet sənətinin inkişafında və təkmilləşməsində gördüyü işlər
saysız-hesabsızdır. Yaxınları və tələbələri onu dərin hörmətlə anırlar.

Əfsanəvi balerina Qəmər Almaszadəni səhnədə görən, ondan dərs alan nə qədər
insan var? Təəssüf ki, o insanlar hazırda barmaqla sayılacaq qədər azdır.
Görkəmli balerina haqqında kitablar yazılıb, filmlər çəkilib. Onu “Baletin
şahzadəsi”, “Şərq mədəniyyətinin parlaq ulduzu”, “Azərbaycanda balet sənətinin
əsasını qoyan balerina” adlandırıblar.

SSRİ Xalq artisti, Azərbaycanın ilk balerinası, milli balet məktəbinin
yaradıcılarından olan Qəmər Almaszadənin ölkəmizdə balet sənətinin inkişafında
və təkmilləşməsində gördüyü işlər saysız-hesabsızdır.

“Kaspi”

qəzeti martın 10-u – doğum günü ərəfəsində əfsanəvi balerinanı xatırlamaq üçün
Qəmər Almaszadəni tanıyan az sayda adamların izinə düşüb…

“Nə lazımdırsa, mən danışacağam…”

Jurnalist kimi hələ sağlığında qapısını döymüşdüm Qəmər Almaszadənin.
Rəssamlar İttifaqının yerləşdiyi binada yaşayırdı. Qardaşı, qocaman teatr
rəssamı Ənvər Almaszadə onun qulluğunda dururdu. Məni evə dəvət etdi. “Qəmər
xanım xəstədir, heç kimlə görüşmür. Haqqında nə lazımdırsa, mən danışacağam.
Çünki bütün həyatı gözümün qarşısında keçib” dedi.

Çarpayıda sakitcə uzanan Qəmər xanımın obrazı isə indiyə kimi gözümün
qarşısındadır.

“Bizi biabır etmək istəyirsən?”

“Qəmər Almaszadə uşaq olanda Bakıda balet məktəbi yox idi. Sadəcə, şəxsi bir
studiya vardı. Burada da əsasən qeyri-azərbaycanlı uşaqlar məşğul olurdu”, –
deyə qardaşı xatırladı: “Qəmər həmin studiyaya yazılan qonşudakı rəfiqəsinə
qoşularaq bir gün evdən gizlin balet studiyasına gedir. Bu studiyaya yazılmaq
üçün 6 manat pul ödəmək lazım idi. Qəmər heç kimə demədən 5 manat pul toplayır.
Pulu çatmasa da, müəllimləri onun baletə olan həvəsini görüb Qəməri studiyaya
qəbul edirlər”.

Əlbəttə, Qəmərin o dövrdə səhnəyə çıxmaq istəyi atası tərəfindən yaxşı
qarşılanmır. Anası mütərəqqi fikirli qadın idi. Atası isə “bizi biabır eləmək
istəyirsən?” deyərək onun səhnəyə çıxmasına qadağa qoyur.

Ancaq dahi Üzeyir bəyin Qəmərə atalıq qayğısı, sənət yolunda irəliləməsinə
dəstəyi bir gün atasının da qəlbini yumşaldır.

Beləcə Qəmər xanımın böyük səhnəyə yolu başlayır. Bu addımı atmaq isə o dövrdə
olduqca çətin idi. Çünki hələ səhnədə qadın rollarını kişilər oynayırdılar.
Məhz belə dövrdə böyük səhnəyə çıxıb tamaşalarda iştirak etmək böyük
qəhrəmanlıq və cəsarət tələb edirdi. Qəmər xanım lap gənc yaşlarından bu
cəsarəti özündə tapır. O, cəmiyyətin heç cür qəbul edə bilmədiyi bir addımı
atır.

“1933-cü ildə Üzeyir bəyin dəstəyi ilə Qəmər xanım Leninqrad şəhərindəki
dünyaca məşhur Xoreoqrafiya məktəbinə daxil olur. Mariya Fyodorovna Ulanovanın
tələbəsi olmaq ona balet sənətinin bütün sirlərini mənimsəməkdə kömək edir”.

Bölgələrdən xalq rəqslərini səhnəyə gətirmək

1936-cı ildə Qəmər xanım təhsilini başa vuraraq Bakıya qayıdır, balet
məktəbində və opera teatrında çalışır. Həmin il Üzeyir bəy Filarmoniyanın
nəzdində Azərbaycan Xalq rəqsləri ansamblını yaradır və gənc Qəməri ansamblın
bədii rəhbəri təyin edir. Üzeyir bəy Azərbaycanın bütün bölgələrindən xalq
rəqslərini toplayıb böyük səhnəyə gətirməyi vacib vəzifə kimi irəli sürür.
Üzeyir bəyin göstərişi ilə ansamblın nəzdində musiqiçilərdən, bəstəkar və
kinooperatordan ibarət xüsusi ekspedisiya qrupları yaradılır. Onlar Qəmər
xanımın rəhbərliyi ilə Azərbaycanın müxtəlif rayonlarına səfərə çıxır və xalq
rəqslərini toplamağa başlayırlar. Həmin rəqslər sonra ansamblın repertuarına
daxil edilərək peşəkar səviyyədə ifa olunur.

Ansambldakı yorulmaz fəaliyyəti ilə yanaşı, görkəmli balerina Opera Teatrında
da çalışır. Qəmər xanım “Şah İsmayıl”, “Nərgiz”, “Şahsənəm”, Üzeyir bəyin
“Koroğlu” operalarında səhnəyə çıxaraq tamaşaçıların rəğbətini qazanır.

“Biz Qəmər xanıma borcluyuq”

Qəmər Almaszadənin yaxın qohumu Maira Almaszadə görkəmli balerina Moskva
Xoreoqrafiya məktəbini bitirəndən sonra onun assistenti kimi çalışıb: “Qəmər
xanım gözəl pedaqoq idi. Onun hamını heyran edən cazibədar görkəmi vardı. O,
gözəl rəhbər idi. Bütün truppanı peşəkarlıqla idarə etməyi bacarırdı. Qəmər
xanım dəhlizdə gedəndə hamı özünü yığışdırırdı. Çox güclü qadın idi. Teatrın
direktoru da, mədəniyyət naziri də onun pərəstişkarları idi. O, həmçinin
deputat seçilmişdi, bütün iclaslarda iştirak edirdi. Onun sözünü hamı eşidirdi.
Qəmər xanımı bütün respublika tanıyırdı. Qəmər Almaszadə görkəmli bəstəkar
Əfrasiyab Bədəlbəylinin xanımı idi. Onların birliyi Azərbaycan balet sənətinin
inkişafına böyük töhfələr verdi. Bəstəkar xüsusi olaraq Qəmər xanım üçün
Azərbaycanın ilk baleti olan “Qız qalası”nı yazdı. Baş rolda Qəmər Almaszadə
çıxış etdi. Mədəniyyətimizin ən parlaq incilərindən olan “Qız qalası”
baletindəki Gülyanaq rolunu Qəmər xanım qeyri-adi yüksək ustalıqla ifa etdi və
Azərbaycan balet məktəbinin əsasını yaratdı”. M.Almaszadə deyir ki, ulu öndər
Heydər Əliyevin Bakıda Xoreoqrafiya məktəbi tikdirməsinə görə Azərbaycanın
balet məktəbi Qəmər xanıma minnətdar olmalıdır: “Prezidentİlham Əliyev də bizim
Xoreoqrafiya məktəbinə “Akademiya” statusu verdi. Biz buna görə də ölkəmizdə
baletin əsasını qoyan Qəmər xanıma borcluyuq”.

“Özümü həmişə xoşbəxt hesab eləmişəm ki..”

Tanınmış balet ustası, Xalq artisti Tamella Şirəliyeva da müəllimini ən xoş
sözlərlə xatırlayır: “Qəmər Almaszadə görkəmli balerina olmaqla bərabər,
peşəkar müəllim idi. O, Leninqradda əfsanəvi Ulanovanın tələbəsi olmuşdu.
Müəllimindən öyrəndiklərini öz şagirdlərinə sevə-sevə öyrədirdi. Qəmər xanımın
bütün şagirdləri məşhur balet ustaları oldular. Görkəmli balerina Leyla
Vəkilova da onun tələbəsi idi”. Balerina müəllimini həm də qayğıkeş insan kimi
xatırlayır: “Mən uzaqda yaşayırdım. Bəzən dərsdən və ya məşqdən çıxanda gec
olurdu. Qəmər xanım məni evinə aparırdı. Onun çox gözəl evdarlığı vardı. Süfrə
açırdı, dadlı kotlet bişirirdi. Çox qonaqpərvər idi. Özünəməxsus səliqə-sahmanı
vardı. Mən özümü həmişə xoşbəxt hesab eləmişəm ki, Qəmər xanım kimi müəllimin
tələbəsi olmuşam”.

Source link