61c2059d-d67d-49fd-8af1-7a34c4ebc447..jpg

Balıq mövsümü başlayır: Bazarda vəziyyət və qiymətlər – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 621 dəfə baxılıb.

Balıq mövsümü başlayır: Bazarda vəziyyət və qiymətlər – “Kaspi”nin ARAŞDIRMASI
+ FOTO

Artıq balıq mövsümü başlayıb. Həm bazarlarda, həm də marketlərdə alıcılara
təklif olunan balıq məhsullarının çeşidləri də artıb.

“Kaspi”

qəzeti balıq bazarının vəziyyətini öyrənmək üçün “Keşlə” bazarına üz tutub.

Oktyabrın əvvəli daha yaxşıdır

Satıcı Xalidə xanım bildirib ki, hələ mövsüm indi başlayıb:

“Ayın sonunda piştaxtalar daha dolu olur. Mövsüm başlayıb, amma hava hələ
istidir. Bol balıq üçün oktyabrın əvvəli daha yaxşıdır. Həmin vaxt İrandan,
Rusiyadan yaxşı məhsullar gəlir. İndi 3-5 balıq var, qalanı hələ ki, yoxdur.
Mövsüm vaxtı alıcılar da çox olur. Düzdür, yayda da yaxşı işləmişik. Amma
tələbat ən çox mövsüm vaxtıdır”.

Qiymətlər dəyişməyib

Balığın qiymətlərinə gəlincə, satıcı xanım bildirib ki, qiymətlər artmayıb:

“Qızılxallı (forel) 11 manat, Naxçıvan çəkisi (sazanı) 10 manat, göl balıqları
7-8 manatadır. Biz topdan gətirən balıqçılardan alıb üzərinə 50 qəpik qoyub
satırıq. Qiymətlər yaxşıdır, qalxmayıb. Mövsümdə də qiymətlər elə eyni qalır.
Əksinə, məhsul çoxaldıqca qiymətlər daha da aşağı düşür. Mal az olanda
bahalaşır. İndi ən çox “qızılxallı” (forel), “bölgə” (beluqa), “Naxçıvan
çəkisi” satılır”.

Xalidə xanım bildirib ki, böyük balıqlar əsasən xaricdən gətirilir:

“İran balıqlarını – “bölgə” və “forel”i özümüz yetişdirə bilmirik. Çünki
ölçüsü bu qədər böyük olmur. Onlarda göl böyükdür, 300-500 hektar ərazidə
yetişdirirlər, amma bizdə o şərait yoxdur, cəmi 5-10 hektardır. Amma İranda elə
yetişdirilir ki, elə bil dənizdən çıxarılıb. Məsələn, 10 il əvvəl bu qədər ağ
balıq yox idi. Çünki yetişdirə bilmirdilər”.

Dəniz məhsulları daha bahadır

Digər satıcı xanım isə qeyd edib ki, dəniz balıqları daha baha olsa da,
alıcısı həmişə boldur:

“Göl balığı da var, dəniz də. Vannanın içərisində olanlar göl balığıdır. Dəniz
balığına “təbii sıf” (sudak), “Naxçıvan sazanı”, “kefal”, “ziyad” (kütüm)
daxildir. “Sazan“ (çəki), “ağ amur“ (belamor) isə göldə yetişir. “Sıf” 15
manat, “Naxçıvan çəkisi” 10-12 manat, “kefal” 10 manatdır. Hazırda tək “ziyad”
balığı yoxdur. Çünki havalar soyuduqda olacaq. Amma balığın az və ya çox
olacağını əvvəldən bilmək olmur. Lakin hər il mövsüm vaxtı həm balıq bol olur,
həm də müştəri”.

Bazarda müştəri azlığı hiss edilir. Satıcı Təranə xanım bildirir ki, həftə
sonları insanlar bazarda daha çox olur. Həm də hazırda məktəb mövsümü yeni
başlayıb, insanlar məzuniyyətdən yeni qayıdır deyə alver azdır. Amma sentyabrın
sonlarına doğru bazar insanla dolub-daşacaq.

Ən bahalı balıqlar

Satıcının fikrincə, qiymətlər sabit qalsa da, tək qiyməti “oynayan” “ziyad”
balığıdır. Bəzən 15 manat olur, bəzən də 10 manat:

“Bir də “ziyad” qədər bahalı “xəşəm”dir. Onların da kiloqramı 15 manatdır. Ən
bahalı balıqlar isə “bölgə” və “qızıl balıq”dır. Bu balıqlar İrandan gəlir.
Məsələn, “qızıl balıq” 30 manatdır. İrandan gələn “bölgə” isə 35-38 manata
satılır”.

Əvvəl balığın əti palçıq dadı verirdi

Təranə xanım qeyd edib ki, qabdakı göl balıqlarına da artıq tələbat artıb.
Çünki saxlanma şəraitləri daha yaxşılaşıb:

“Əvvəl göl balığının dadı pis olurdu. Çünki balaca yerdə göl yaradıb
yetişdirirdilər. Ona görə balığın əti palçıq dadı verirdi, suyu
dəyişdirilmirdi. İndi Kür çayının qarşısını kəsirlər, hasara alırlar, çay suyu
axır, orada təbii şəkildə balıqlar yaşayır.

Hazırda göldə saxlanılan balıqların ərazisi genişdir. Həmçinin, axar su olduğu
üçün daha təmizdir. Amma göl balıqları gec-gec gəlir. Hava isti olduqda yolda
ölürlər. Ona görə çəlləkdə hava verilərək gətirilir. Dəniz balıqları qutuda,
buzun içində ölü halda gəlir. Göl balığını ölü halda gətirsələr, yağlı olduğu
üçün daha tez xarab olar”.

Budur, bir müştəri Təranə xanıma yaxınlaşır. Biz də yaxınlaşıb alıcı Cavidlə
söhbətləşirik. Danışığından hiss olunur ki, balıqdan çox yaxşı anlayışı var.
Deyir ki, yayda alınmayan “ağ balıq”dır. Zəhərlənməyə səbəb olduğu üçün
insanlar qorxur:

“Çox vaxt “çəki” alıram. Çünki, həm qızartmağa yaxşıdır, həm ləvəngiyə”.

Ağ dəniz balığının kiloqramı 100 manatdır

Alıcının fikrincə, dəniz balığı daha dadlıdır:

“Ağ dəniz balığının kiloqramı 100 manatdan aşağı deyil. Amma bu bazarda göl
balığıdır, ona görə qiyməti 35 manatdır. Mən isə daha çox dəniz balığı alıram.
Çünki göl balığını bilmək olmur. Kür balığı yaxşıdır, amma kanalda olan yox. Bu
yaxınlarda Mahaçqala “çəki”si aldım, amma onlar bizim balıqların dadını vermir.
Ölkəmizdə Xəzər dənizi dərin olduğu üçün balıqlar rahat yaşayır, amma üzü
şimala doğru hövzə dayaz olur. O zaman balıqlar qamışlıqda palçıq yeyir. Ona
görə dadları yaxşı deyil”.

Cavid bəylə söhbət edə-edə bir də baxırıq ki, Təranə xanım artıq balıqları
yuyub, təmizləyib, hazır edib.

Source link