1a71c689-f0b6-48aa-892a-2851ac8b0ff7..jpg

Balqabağı da İspaniyadan gətirəcəyiksə… – FOTO

Baxış sayı: 738 dəfə baxılıb.

Balqabağı da İspaniyadan gətirəcəyiksə… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İspaniyadan balqabaq idxal etməyə başlayıb. Dövlət Statistika
Komitəsinin yaydığı məlumata görə, balqabaq, yunan qabağı və balqabaqlar
fəsiləsindən olan digər tərəvəzlərin idxal miqdarı 307,94 tondur. Balqabaq
ölkəmizdə boranı adı ilə məşhurdur. Həmçinin “qabaq” və “kudu” kimi də tanınır.
Maraqlıdır, bu məhsul ölkəmizdə əkilib-becərilirsə, o zaman nə üçün İspaniyadan
gətiririk?

Məsələ ilə bağlı “Kaspi”

qəzetinin məqaləsində deyilir:

Ölkəmizdə kifayət qədər əkilir

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, yerli məhsulun istehsalında heç
bir problem yoxdur: “Ölkəmizdə yetəri qədər balqabaq əkilir. Yəni, gətirilən
məhsul bazara çıxarılmır. Ola bilər ki, xarici restoranlar gətirir. Bu məhsulu
gətirənlər daha çox sahibkarlardır”.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin
sədri Elmar Allahverdiyev də dedi ki, ölkəmizdə kifayət qədər balqabaq əkilir:
“Cənub bölgəsində uzunsov növü, dağlıq ərazilərdə, məsələn, Gədəbəydə həyətyanı
sahələrdə kudu deyilən yumru, iri balqabaqlar yetişdirilir. Elələri var ki,
birinin ağırlığı 57 kiloqramdır. Şəxsən özüm çəkmişəm”.

Göy qabaq gətirilə bilər

E.Allahverdiyev qeyd etdi ki, xarici sortlardan bizdə göy qabaq məşhurlaşıb:
“Ola bilər ki, göy qabağı qeyri-mövsüm vaxtı gətirirlər. Biz onu yunan qabağı
kimi tanıyırıq. Son illərdə ölkəmizdə bu məhsula tələbat artıb. Xüsusi
restoranlarda ondan yeməklər hazırlanır. Ölkəmizdə son illərdə bu məhsulun da
əkin sahələri genişlənib. İstənilən regionda əkilib-becərilməsi mümkündür.
Hətta istixana şəraitində də yetişdirilir. Amma bizim əkinçilər daha çox
ənənəvi balqabaqları əkməyə üstünlük verirlər”.

Boranını ən çox restoranlar alır

Qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, bizdə balqabağa tələbat
az olsa da, maraq var: “Azərbaycan milli mətbəxində öz sözünü demiş boranılı
plov, Bakı “qəlyəsi”, boranı şirniyyatı, boranı dolması balqabaqdan hazırlanır.
Ölkəmizdə çox geniş istifadə olunmasa da, istifadə edilən yerlər mövcuddur.
Boranını ən çox restoranlar alır. Əsasən, türk mətbəxi olan restoranlarda
boranıya tələbat olur”.

Həm torpağı, həm insanları zəhərləyir

Ekspertin fikrincə, hər bir halda restoranda hazırlanan təamların dadlı,
ləzzətli olması üçün mütləq şəkildə ölkəmizdə yetişən balqabaqlardan istifadə
olunmalıdır: “Yerli məhsulun tərəfdarı olmalıyıq. Çünki xaricdən ölkəmizə gələn
toxumlar hibriddir. Ona da pestisidlər vurulur. Pestisidlər isə torpağı
zəhərləyir. Yuyulan və yuyulmayan pestisidlər var. Hibrid toxumlar və
pestisidlərdən sonra torpaqda ənənəvi toxumları əkə bilmirik. Artıq məcburuq
ki, xaricdən toxum alıb gətirək. O toxumu ala bilməyəndə torpağımız məhv
olacaq. Xaricdən gətirmək asan yoldur. Amma bu, həm torpağın, həm də insanların
zəhərlənməsinə səbəb olur”.

Xeyirli olan ənənəvi balqabaqlarımızdır

A.Salamovun sözlərinə görə, insanları yerli məhsul almağa təşviq etməliyik:
“Toxum yox, balqabaq gələcəksə, yenə də zəhərlidir. Çünki o da hibriddir.
Ölkəyə gətirilən təbii balqabaq yoxdur. Xeyirli olan ənənəvi
balqabaqlarımızdır. Xaricdən gətirilən məhsul gözəldir, daha cəlbedici görünür.
İnsanlar da bazarda görəndə görünüşünə görə almaq istəyirlər. Amma insanları da
maarifləndirmək lazımdır. İdxal olunan məhsulların zərərlərini bilməlidirlər”.

Qiymət də qalxır

Müsahibimiz bildirdi ki, yerli məhsul olmadıqda qiymətlər də yüksəlir: “İdxal
məhsulları cibimizi yandırır. Xarici toxumla da yetişdirilsə, dərmana pul
verilir. Beləliklə, qiymət qalxır. Ənənəvi sort olmadıqda qiymət artımı
qaçılmazdır. Üzərimizə düşən ənənəvi sortların bərpasıdır. Kəndliləri yerli
toxumlarla təmin etmək lazımdır. Yerli məhsul yetişdirməliyik ki, həm ucuzluq
olsun, həm də özümüzü zəhərləməyək”.

Vətəndaşların məhsulu əllərində qalıb

İqtisadçı Pərviz Heydərovun fikrincə, yerli məhsul qala-qala xarici məhsulları
bazara çıxarmaq istehsala vurulan ən böyük zərbədir: “Yerli istehsala gücümüz
çatdığı halda, xaricdən eyni məhsulun idxal olunması ucbatından yerli istehsal
inkişafdan qalır, ona maraq getdikcə azalır. Nəticədə daxili bazar idxal
məhsulları ilə dolur. Nə qədər faktlar var ki, vətəndaşların həyətyanı sahədə
və yaxud təsərrüfatda yetişdirdikləri balqabaqlar əllərində qalır. Mən demirəm
ki, idxala qadağa qoyaq. Sadəcə, idxalın bu qədər genişlənməsini azaltmaq
lazımdır. İspaniya Avropanın bizdən ən uzaq ölkələrindəndir. Bu sahədəki
sahibkarlar niyə bu məhsulu oradan gətirməyə maraq göstərirlər? İlk növbədə
bunu araşdırmaq lazımdır”.

Source link