“Bank Respublika”dan ADR-in 100 illiyinə töhfə - FOTO

“Bank Respublika”dan ADR-in 100 illiyinə töhfə – FOTO

Baxış sayı: 3. 528 dəfə baxılıb.

“Bank Respublika” Azərbaycan Xalq Cümhuriyyərinin 100 iliyinə həsr olunmuş “İstiqlaliyyət” adlı bədii-sənədli film təqdim edib.

Filmdə Cümhuriyyət qurucularının 23 ay ərzində gördüyü böyük işlər və qarşılaşdığı çətinliklərdən bəhs edilir. Filmdə həmin vaxtların taleyüklü məqamları da rekonstruksiya edilib və göstərilir.

Bədii-sənədli filmin rejissoru Cavid Təvəkkül, sözçüsü isə xalq artisti Nurəddin Mehdixanlı olub. Filmin istehsalı “ÖZ Film” prodakşn studiyası tərəfindən “Baku Media Center”in dəstəyi ilə ərsəyə gəlib.

“Böyük qürur və vətəndaşlıq borcu hissi ilə bu filmi təqdim edirik. Bildiyiniz kimi, cənab prezident İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq “Cümhuriyyəti ili” elan edib, bu qərar bir daha həmin tarixin müasir Azərbaycan üçün önəmli olmasını təsdiq edir.

Ölkənin aparıcı banklarından biri kimi filmin yaradılmasına qərar verdik ki, həmin illərdə baş verən hadisələr yenidən yaddaşlarda oyansın, Cümhuriyyət qurucularının göstərdiyi şücayət hiss edilsin”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov bildirib.

Yubiley ili ərəfəsində bank, eyni zamanda, “İstiqlaliyyət” filminin iki premyerasını keçirib – paytaxt Bakıda və Gəncə şəhərində. Filmin təqdimatında mətbuat nümayəndələri, bankın partnyorları və müştəriləri də iştirak ediblər.

Təqdimat tədbirləri “CinemaPlus” kinoteatrlarının dəstəyi ilə keçirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və qısa müddət ərzində çoxsaylı müsbət rəylərə səbəb olub. Təqdimatda filmin baş qəhrəmanları öz obrazlarını canlandıraraq tədbirdə xüsusi ab-hava da yaradıblar.  

Filmi bankın rəsmi “Facebook” və “Youtube” səhifələrindən izləmək mümkündür.

www.ÇıxışYolu.Com