“Bank Standard”ın 82 əmanətçisi bankın müflisləşməsində təqsirli hesab etdikləri şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon Məhkəməsində altı kollektiv iddia irəli sürüb.
ÇıxışYolu.Com xəbər verir ki, iddiaçılar təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 milyon dollardan çox məbləğin ödənilməsini tələb edirlər.
Bu, təxminən 81 milyon manat deməkdir.
Bildirək ki, iddiada əsas sübut (təbii, digər sübutlar da var) kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib.
Ləğv Planında bildirilir ki, bankın müflisləşməsinin əsas səbəb inzibatçılar tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsi olub.
Məsələn, kreditlərin verilməsi zamanı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, habelə Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi”, “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması”, “Bir borcalan və ya bir-biri ilə əlaqəli borcalanlar qrupu üzrə kredit riskinin tənzimlənməsi” Qaydalarının tələbləri pozulub.
Bankın kredit portfelinin keyfiyyətinin qeyri-qənaətbəxş olduğu, bank tərəfindən onun aktivlərinin əhəmiyyətli hissəsinin itirildiyi, bankda qanunvericiliyin tələblərinə zidd investisiya fəaliyyətinin həyata keçirildiyi, bankın ödəniş qabiliyyətini itirdiyi müəyyən edilib.
Bundan başqa, bankda maliyyə nəzarəti sisteminin qeyri-effektiv, idarəetmə sisteminin zəif olduğu, İdarə Heyətinin keçmiş sədri Səlim Kriman tərəfindən vəzifə borcunun lazımi qaydada icra edilmədiyi aşkar edilib.
Ləğv Planında o da deyilir ki, uzun illər ərzində normativlərə uyğun olaraq məqsədli ehtiyatlar yaradılmadığından aktivlərin real dəyəri ilə balans göstəriciləri arasında kəskin fərqlər yaranıb. Bütün bunların nəticəsində bankın öhdəlikləri təxmini 1,2 milyard manat olduğu halda likvid aktivləri cəmi 195,6 milyon manat təşkil edib.
Yəni bankın passivləri aktivlərindən altı dəfə çox olub. Buna görə də Ləğv Planında açıq vurğulanıb ki, “aktivlərin realizasiyası nəticəsində əldə olunacaq daxilolmalar hesabına yalnız ADİF-in (143,2 mln. AZN) və təminatlı kreditor olan Mərkəzi Bankın (39 milyon manat) tələblərinin qismən ödənişi mümkün olacaq. Yəni digər kreditorların tələbləri heç qismən də təmin olunmayacaq. Həmin kreditorlar sırasında hazırkı iddiaçılar da var.
Onlar hesab edir ki bankın müflisləşməsində Mərkəzi Bank sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov, bankın auditoru olmuş “KPMG”, bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibov, Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı, baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olan Xalid Əhədov məsuliyyət daşıyırlar.
Qeyd edək ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.