Bankın vəzifəli şəxslərinin işi yenidən apellyasiya məhkəməsinə qaytarılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin (indiki Yelo Bank) Sumqayıt filialının
vəzifəli şəxsləri Zaur Ramazanov və digərlərinin kassasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə
keçirilən prosesdə kassasiya şikayətinin mümkünlüyünü araşdırmaq üçün iş
apellyasiya məhkəməsinə qaytarılıb.
İttihama görə, təqsirləndirilən şəxslər vəzifə saxtakarlığı edərək bankın
işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin
rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat
məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta
görə cinayət işi başlayıb.
Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək
vətəndaşların kreditlə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və
nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq
ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.
Törətdikləri əmələ görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin
178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya
israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar
rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Məhkəmənin hökmü ilə Ruslan Talıbov 10 il, Vüsal Quliyev və Elşən Xıdırov 9 il
müddətinə azadlıqdan məhrum ediliblər.
Bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən və barələrində polis nəzarətinə
verilmə qətimkan tədbiri seçilmiş şəxslər də həbs ediliblər.
Ev dustaqlığına olan məhkəmə zalında həbs edilən 1962-ci il təvəllüdlü Nazim
Şura oğlu İsmayılov 9 il, 1989-cu il təvəllüdlü Elçin Elşən oğlu Məmmədov 5 il,
1979-cu il təvəllüdlü Zaur Rəcəb oğlu Ramazanov 5 il, 1986-cı il təvəllüdlü
Rauf Akif oğlu Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan digər şəxslərə isə şərti cəza verilib.