Banklar köhnə dolları manata dəyişmirlərsə, vətəndaşlar hara müraciət
etməlidirlər? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bir müddətdir, vətəndaşların köhnəlmiş dollarları manata dəyişdirməkdə
çətinlik çəkmələri müzakirə olunur. Sosial şəbəkələrdə bu problemlə üzləşən
vətəndaşlar bildirirlər ki, banklar köhnə dollarları, xüsusən, 2006-cı ildən
öncə tədavülə buraxılan ABŞ dollarını dəyişməkdən imtina edirlər. İddia olunur
ki, üzərində möhür olan dollar əskinası da dəyişilmir.
İqtisadçı-ekspert Eldəniz Əmirov bu barədə Pravda.az-ın suallarını
cavablandırıb.
Ekspert bildirib ki, bankın köhnə dolların manata dəyişdirilməsindən imtina
etmək kimi səlahiyyəti yoxdur: “Ən azından imtina etmək səbəbini
əsaslandırmalıdır. Belə olan halda, vətəndaş prosesin sonrakı mərhələləri üçün
rəsmiyyətə, yəni rəsmi müraciətə keçməli, bankdan rəsmi cavab istəməlidir. Bank
rəsmi açıqlama verməlidir ki, köhnə dolları niyə manatla dəyişmir? Bundan sonra
artıq vətəndaş Mərkəzi Banka müraciət edə bilər ki, “X” bank mənə bu cavabı
verib. Hüquqi prosedur budur. Qeyd edim ki, bütün bankların valyutadəyişmə
hissələrində belə deyil. Köhnə dolları götürən yerlər çoxdur”.
E.Əmirov qeyd edib ki, bank köhnə dolları qəbul edib, əvəzində yenisini
verməkdən imtina edə bilər: “Bu, valyuta mübadiləsi prosesi deyil. Sadəcə,
əskinasların köhnə və yenilərinin dəyişdirilməsidir. Bank bundan imtina edə
bilər, çünki onun belə bir öhdəliyi yoxdur”.