dd223293-5d3d-4c79-9611-7bb20ec86a08..jpg

Banklarımızın xarici borcları niyə artıb? – AÇIQLAMA

Baxış sayı: 762 dəfə baxılıb.

Banklarımızın xarici borcları niyə artıb? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ildə Azərbaycanda bank sektorunun müddətli xarici borcu 81,4% və ya 225
milyon ABŞ dolları artaraq 501,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında
bildirilib.

Hesabata görə, ötən ilinin sonuna bankların cəmi öhdəliklərinin 2%-ini xarici
borc təşkil edib. Əvvəlki ilin sonunda bu göstərici 1,1% idi.

Borclanmanın səbəbi nədir? Bunun gələcəkdə hansısa fəsadı ola bilərmi?

Suallara iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.media-ya
açıqlamasında bildirib ki, bankların xarici borclanmasının artması əslində
sağlam münasibətlər fonunda, sağlam makroiqtisadi tarazlığın bərqərar olduğu
dövrdə normal haldır:

“Çünki xarici borc həm də ölkəmizin bank sektorunda xarici aktivlərin artması
deməkdir. Ona görə də bankların xarici borclanmasından indiki halda
ehtiyatlanmağa dəyməz.
Nəzərə alaq ki, 2015-2016-cı ildə baş verən iqtisadi təlatümlər və
devalvasiyalar o zaman bankların götürdükləri öhdəlikləri yerinə yetirməsində
problemlər yaratdı. Bu xoşagəlməz hal Mərkəzi Bank tərəfindən diversifikasiya
olunub. Mən əminliklə deyə bilərəm ki, bank sektorunda son 10 ilin ən optimal
dövrü yaşanır. Yəni risklər minimumlaşdırılıb. Spesifik tədbirlər
vaxtlı-vaxtında həyata keçirilir”.

Fuad İbrahimov hesab edir ki, bankların müddətli xarici borcunun artması
aktivliyin bir göstəricisidir:

“Bu o deməkdir ki, xarici banklar və maliyyə institutları Azərbaycanın
bank-maliyyə sektorundakı sabitlikdən məmnundurlar. Buna görə də öz aktivlərini
həvəslə Azərbaycan banklarına yerləşdirirlər. İnanıram ki, bu tendensiyadan biz
ancaq xeyir görəcəyik və heç bir fəsadla üzləşməyəcəyik”.

Source link