“Barış Pınarı” başa çatdı, kürdlər sərhəddən çıxarıldı – TƏHLİL

Baxış sayı: 1. 873 dəfə baxılıb.

“Barış Pınarı” başa çatdı, kürdlər sərhəddən çıxarıldı – TƏHLİL

Türkiyə ordusu Suriya ilə sərhəddə nəzərdə tutulan “təhlüksəzlik zolağı” yaradılması əməliyyatını başa çatdırıb.  

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.  

Nazir deyib ki, ABŞ və Rusiya ilə əldə olunan razılaşmalar çərçivəsində 145 kilometr uzunluq və 30 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaradılıb.  

Bununla da “Barış Pınarı” əməliyyatı əraziləri terrorçulardan təmizlənib.  

Xatırladaq ki, Türkiyə hökuməti bu il oktaybrın 9-da Suriyanın Türkiyə ilə həmsərhəd şimal ərazilərinə ordu göndərərək sərhədə nəzarət edən YPG silahlılarına qarşı əməliyyat başladıb. “Barış Pınarı” əməliyyatı ABŞ prezidenti ilə razılaşdırılıb və amerikalı hərbçilər əməliyyatdan əvvəl ərazidən çəkilib. 

Əməliyyatın aktiv fazası 8 gün davam edib. Oktaybrın 17-də Ankaraya gələn ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeonun Ankarada prezident Ərdoğanla danışıqlardan sonra 5 günlük atəşkəs elan olunub.  

Oktyabrın 22-də isə Türkiyə və Rusiya prezidentləri Soçidə atəşkəsin davamı və kürdlərin 15 saat ərzində nəzərdə tutulan ərazilərdən çıxarılması ilə bağlı 10 bəndlik anlaşma əldə ediblər. Ötən müddətdə Rusiya və Türkiyə ordusu sərhəd ərazilərdə 9 birgə patrul həyata keçirib və bu zaman kürd silahlılarının bölgədən çıxarılması prosesi izlənilib.  

Türkiyə hökumətinin hədəfi Suriya ilə sərhəd ərazilərinin kürd silahlılarından təmizlənməsi, 30 kilometrlik ərazidə “təhlükəsizlik zolağı”nın yaradılması və sonrakı mərhələdə bölgəyə suriyalı qaçqınların yerləşdirilməsidir.  

Milli müdafiə naziri Hulusi Akar bildirib ki, əməliyyat nəticəsində Suriyanın Türkiyə ilə sərhəd zolağında 4219 kv.km ərazidə 600 yaşayış məntəqəsi, eləcə də Laziqiyyə şəhərindən gələrək Hələb və İraq sərhədini birləşdirən M-4 magistralının bir qismi Türkiyə ordusu tərəfindən nəzarətə götürülüb.  

Bu bölgələrdə nəzarət məntəqələri qurulub. Əməliyyat dövründə 1168 terrorçu zərərsizləşdirilib.  

Qeyd etmək lazımdır ki, Suriya-Türkiyə sərhədinin 400 kilometrdən bir qədər çox hissəsi “Barış Pınarı” hərəkatına qədər kürd silahlılarının, yəni YPG və ya ümumi adı ilə “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olub. Ancaq Türkiyə ordusu əməliyyatlara başladıqdan sonra müqavimət göstərə bilməyəcəyini anlayan kürdlər ABŞ qüvvələri də çəkildiyi üçün ruslarla danışıqlara başlayıb və nəticədə Rusiyanın vasitçiliyi ilə Suriya hökuməti ilə kürdlər arasında Xeymim hərbi hava bazasında razılaşma əldə olunub.  

Bu razılaşmaya əsasən, kürdlərin nəzarətində olan şimal regionları Suriya ordusuna təhvil verilib. Nəticədə Türkiyə ordusunun əməliyyatları davam etdiyi bir vaxtda Suriya ordusu bu razılaşmaya əsasən Menbic, Raqqa, Kobani, Hasake, Qamışlı və digər strateji əhəmiyyətli rayonlara daxil olub. Bununla da faktiki olaraq Türkiyənin bu məntəqələrə daxil olması mümkün olmayıb. Lakin Rusiya ilə əldə olunan Soçi anlaşmasına əsasən, kürdlər Türkiyənin tələb etdiyi sərhəd xəttindən 30 kilometr dərinliyə çəkilməyi qəbul edib. Razılaşmanın təminatçısı isə Rusiya dövlətidir.  

Hazırda Türkiyə Tel-Abyadla Ras əl-Ayn arasındakı 145 kilometrlik əraziyə birbaşa nəzarət edir, digər sərhəd hissəsindən isə kürdlər çəkilir və buraya yenidən Suriya ordusu nəzarət edəcək. Bununla da kürdlərin faktiki olaraq Suirya-Türkiyə sərhədində nəzarət etdiyi ərazi qalmır. Lakinin bunun üçün Soçi anlaşmasının tam şəkildə icra olunması lazımdır.  

Hazırda faktiki olaraq kürdlər yalnız Qamışlı və İraq sərhədi arasındakı kiçik ərazidə sərhədə nəzarət edə bilir. Bununla da əslində əməliyyat başa çatır və Türkiyə prioritet hədəfinə, yəni kürdləri sərhəddən çıxarmağa nail olmuş olur.  

Xatırladaq ki, bundan əvvəl Türkiyə 2016-cı ilin avqustunda “Fırat Kalkanı” əməliyyatı başladıb və nəticədə Azez-Cerablus arasındakı 100 kilometrlik sərhəd ərazisini terror təşkilatlarından təmizləyib. 

2018-ci ilin yanvarında isə Türkiyə ordusu Suriyanın kürdlərin nəzarətində olan Afrin sərhəd rayonunda “Zeytin Dalı” (budağı) əməliyyatı keçirib və rayonu kürd silahlı terror təşkilatlarından təmziləyib.  

“Barış Pınarı” sayca üçüncü əməliyyatdır və bununla da faktiki olaraq kürd silahlıları böyük ölçüdə sərhəddən çıxarılmış olur.  

Rəşad Quliyev