Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz
hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Cixisyolu.com-ın məlumatına görə, müraciətdə bildirilib ki, yola çıxarkən ehtiyatlı
olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürət həddini hava
şəraitinə uyğun seçmək, külək tutan açıq ərazilərdə ehtiyatlı olmaq, yağışlı
havada daha çox ara məsafəsi saxlamaq, qəfil manevr və ya kəskin tormozlama
etməmək lazımdır.
İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq
piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.
Qeyd edək ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava
şəraitinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli
yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.