d84874e7-9f43-4eaa-a389-6ccfae8d68a1..jpg

Baş katib: “Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük” – MÜSAHİBƏ

Baxış sayı: 671 dəfə baxılıb.

Baş katib: “Azərbaycanda taekvondonun gələcəyini parlaq görürük” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan taekvondosu təqvim ilinə dekabrın 28-də başa çatan ümummilli lider
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ölkə çempionatı ilə yekun
vurub.

2023-cü il bu idman növü üçün dünya çempionatının Bakıda təşkil olunması və
Qaşım Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
qazanması ilə əlamətdar olub.

Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı “Report”a
müsahibəsində həm geridə qalmaqda olan ili dəyərləndirib, həm də olimpiada ilə
bağlı hədəflərdən söz açıb.

– Taekvondo üzrə Azərbaycan çempionatının səviyyəsi ürəyinizcə oldu?

– Çempionat çox yüksək səviyyədə keçdi. Bütün etik normalar həm tamaşaçılar,
həm də iştirakçılar tərəfindən qorundu. Dinamik yarış alındı. Kifayət qədər
tamaşaçı kütləsi var idi. Beynəlxalq qaydalarda da yeniliklər edilmişdi. Eyni
zamanda, Azərbaycan taekvondosunda ilk dəfə yeni sistem tətbiq olundu, rəqəmsal
sistemə keçdik.

– Bu çempionatda iştirak edən gənclər Azərbaycan millisinə gələcəkdə potensial
namizədlər sayılırlar. Onların performansına əsasən, taekvondomuzun gələcəyini
necə görürsünüz?

– Çempionatda iştirak edən gənclər diqqətdə saxlanılırlar. Davamlılıq və
taktiki baxımdan yüksək performans göstərənləri məşqçilərimiz qeydiyyata
alırlar. Onlar avtomatik bizim maraq dairəmizdə olurlar. Həmin gəncləri növbəti
mərhələlərdə milliyə, ölkə daxilində və xaricində baş tutacaq təlim-məşq
toplanışlarına cəlb etməyə çalışacağıq. Çünki idmançı üçün bir yerdə
vuruşmaqdan çox psixoloji cəhətdən inkişaf etmək də çox vacibdir. Fərqli
yerlərdə yarışmalı, fərqli millətin nümayəndələri ilə birgə təlim-məşq
toplanışlarında iştirak etməlidir. Belə olanda sabah beynəlxalq turnirlərdə
iştirak edəndə heç bir qorxu olmayacaq. Məqsəd potensiallı idmançıları milliyə
cəlb etmək və yetişdirməkdir. Azərbaycanda taekvondonun gələcəyini parlaq
görürük. Çünki qısa müddətdə innovativ dəyişikliklər baş verib. Növbəti illərdə
də yeniliklər tətbiq olunacaq.

– 2023-cü ili Azərbaycan taekvondosu üçün necə qiymətləndirmək olar?

– 2023-cü ili Azərbaycan taekvondosu üçün tramplin kimi qiymətləndirmək olar.
İdmançılarımız xeyli sayda yerli və beynəlxalq yarışlara, təlim-məşqlərə cəlb
olunublar. Hətta ölkə xaricindəki hazırlıqlar həftələrlə davam edib. Bir
şəhərdə yox, bir neçə regionda olublar. Hətta müxtəlif universitetlərin idman
klublarında da məşq keçiblər. Texnoloji baxımdan da yeniliklər oldu. Başqa
yeniliklər olduqca yenə tətbiq edəcəyik. Bu il Koreya səfiri Kuboku yüksək
səviyyədə təşkil olundu. Son yarışımız isə ümummilli lider Heydər Əliyevin 100
illik yubileyinə həsr olunan Azərbaycan birincilikləri və çempionatı oldu.
Yarışın açılış mərasimi çox yaxşı təşkil edilmişdi. Taekvondoya maraq ildən-ilə
artır. Bu il bunu fərqli formada gördük. Zaldakı insanların, idmana maraq
göstərənlərin sayından, dinamikadan bunlar bəlli olur. Növbəti illərdə də artan
qrafiklə gedəcək.

– Bu il Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı.
Ondan olimpiadada nə gözləyirsiniz?

– Taktiki və fiziki baxımdan çox yaxşı hazırlanmış idmançıdır. Qaşım
federasiyanın, məşqçilərin ümidlərini tam doğrultdu. Biz ondan olimpiadada da
yüksək nəticə gözləyirik. Buna şübhəmiz də yoxdur. Lisenziya qazanana qədər çox
güclü idmançılarla qarşılaşıb. Qaşım İrandan, Çindən, Koreyadan olan güclü,
tanınmış taekvondoçuları məğlub edib. Çinli idmançı Azərbaycanda Qaşıma qalib
gəlmişdi. Təmsilçimiz də onu Çində məğlub etdi. Koreyalı və iranlı
taekvondoçular isə dünya çempionlarıdır. Bu cür rəqibləri üstələmək üçün fiziki
və taktiki cəhətdən yüksək dərəcədə hazırlıqlı olmalısan.

– Parisə 4 taekvondoçu ilə yollanmaq perspektivini necə görürsünüz?

– 2024-cü ildə daha 3 taekvondoçumuzun olimpiadaya lisenziya qazanmağı
hədəflənir. Onlar lisenziya qazanana qədər yerli turnirə və beynəlxalq
təlim-məşq toplanışına cəlb ediləcəklər. İnanırıq ki, lisenziya qazana
biləcəklər.

Source link