Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev qurumun bundan sonra da Azərbaycanın yanında olacağını bildirib.
Türk Şurasının Baş katibi Bağdad Amreyev qurumun informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilən üçüncü toplantısında belə bəyanatla çıxış edib.
O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi çox sevindiricidir.
“Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, – deyə o bildirib.
B. Amreyev əlavə edib ki, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.
Toplantı çərçivəsində türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı müzakirə olunacaq.
Həmçinin türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklər.