3ad5ae51-0bd0-485d-ae59-6910caa399a8..jpg

Baş məşqçi: “Gimnastlarımız yığmanın liderlərini görüb onlara oxşamağa çalışırlar”

Baxış sayı: 2. 543 dəfə baxılıb.

Baş məşqçi: “Gimnastlarımız yığmanın liderlərini görüb onlara oxşamağa
çalışırlar”

“Gimnastlarımız yığmanın liderlərini məşqlərdə görəndə onlara oxşamağa
çalışırlar”.

Bunu “Report”a açıqlamasında Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın bədii
gimnastika üzrə baş məşqçisi Nəzirəxanım Fərədova deyib.

Baş məşqçi Milli Gimnastika Arenasında baş tutan təlim-məşq toplanışını yüksək
qiymətləndirib. O, yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına
(AGF) təşəkkürünü bildirib:

“Zirə Mədəniyyət Mərkəzində bədii gimnastika 2015-ci ildən tədris olunur.
Hazırda klubumuzda 50-dən çox gimnast məşq edir. İdmançıların Milli Gimnastika
Arenasında təlim-məşqlərə dəvət olunması hamımız üçün qürurvericidir. Bu zalda
yığma komandanın liderləri ilə birgə məşq keçmək və onların hazırlıqlarını
görmək hər bir kiçik gimnastın arzusudur”.

Nəzirəxanım Fərədova əlavə edib ki, Milli Gimnastika Arenasındakı şərait
regionlardan fərqlənir:

“Bura nəinki Azərbaycanda, bütün dünyada tanınmış zaldır. Öz şəraiti ilə digər
ölkələrdəki arenalardan üstündür. Hər bir gimnast üçün burada məşq etmək ən
böyük arzudur. Məşqlərə çox vaxt ayrılır, yanaşma daha peşəkardır”.

O bildirib ki, yığma üzvləri ilə birgə keçirilən təlim-məşq toplanışlarından
sonra gimnastlar yarışlarda daha uğurlu nəticələr göstərirlər:

“Çünki toplanışdan əvvəlki ilə sonrakı səviyyə arasında fərq böyük olur. Hər
bir məşq həm idmançılar, həm də məşqçilər üçün böyük təcrübədir”.

Source link