fef4300b-0f8e-467d-8302-75c556083916..jpg

Baş məşqçi: “Heç bir rəqibdən çəkinmirik” – MÜSAHİBƏ

Baxış sayı: 579 dəfə baxılıb.

Baş məşqçi: “Heç bir rəqibdən çəkinmirik” – MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 12-də
AVRO-2025-in seçmə mərhələsində ilk oyununa çıxacaq.

F qrupunda qərarlaşan yığma Serbiya Futbol Assosiasiyasının mərkəzi
stadionunda yerli komandanın qonağı olacaq.

“Report”un suallarını cavablandıran U-21-in baş məşqçisi Samir Əliyev
komandasının hazırkı durumunu və şanslarını dəyərləndirib.

– Artıq iki gündür məşqlərə başlamısınız. Komandanın hazırkı durumu necədir?

– Cəmi bir həftə vaxtımız var. Qısa müddətdən maksimum istifadə edərək,
qarşıdakı matça hazırlaşmağa çalışırıq.

– Rəsmi görüşə hazırlaşmaq üçün bir həftə kifayət edəcək?

– UEFA-nın təqvimi belədir. Əlbəttə ki, futbolçuların bizimlə daha çox
olmalarını istərdim. Ancaq UEFA-nın öz “pəncərəsi” var. Yaxşı ki, bir oyun
olacaq. İki matç keçirsəydik, ümumiyyətlə, vaxt azlığı olardı. Sevindirici hal
odur ki, zədəli futbolçumuz yoxdur. 1-2 nəfəri nəzərə almasaq, istədiyimiz
bütün oyunçuları dəvət etmişik. Onların hazırlığı eyni səviyyədə olmasa da,
balansın pozulmamasına çalışırıq.

– U-21-in oyunçuları klublarında az oyun şansı əldə edirlər. Bu amil problem
yaratmayacaq?

– Premyer Liqada oynayanlar da var, klubunda ehtiyatda oturanlar da. Birinci
Liqa isə hələ başlamayıb. Problem həmişə olub, bundan sonra da olacaq. Hər dəfə
problemlərdən danışıb gileylənmək istəmirəm. Mövcud duruma uyğun maksimum
dərəcədə hazırlaşacağıq. Seçmə mərhələyə uğurlu start vermək istəyirik. Düzdür,
ağır rəqibə qarşı səfərdə oynayacağıq. Serbiyanın baş məşqçisi yenidir.
Heyətlərindəki oyunçular Serbiya çempionatında müntəzəm 90 dəqiqə çıxış
edirlər. Bizi çətin oyun gözləyir. Amma heç bir rəqibdən çəkinmirik.

– Komandaya ölkə xaricindən 5 legioner cəlb etmisiniz. Bu say sizi qane edir?

– Azərbaycan reallığına baxanda pis deyil. Legionerlərimiz də Top-5 liqalardan
gəlməyiblər. Bu gün Premyer Liqada oynayan futbolçumuz yoxdursa, ölkə
xaricindən 5 oyunçunun gəlməsi sevindirici haldır. Ən azı bilirik ki, xaricdə
az da olsa, oynayan uşaqlar var.

– Siyahınızda yer alsa da, yığmaya çağıra bilmədiyiniz oyunçular var?

– Razılaşaq ki, Premyer Liqada oynayan futbolçular azdır. Say çox olmalıdır
ki, kimi çağıracağını bilməyəsən. Seçim o qədər də geniş deyil. Bir-iki nəfər
var. Seçmə mərhələ hələ yeni başlayır, qarşıda xeyli oyunlarımız olacaq. Bir
neçə futbolçu var ki, növbəti toplanışa dəvət ala bilərlər.

– Seçmə mərhələyə Serbiya səfərində başlamaq nəticə baxımından riskli deyil?

– Qaçacaq yerimiz yoxdur. 6 komandalı qrupa düşmüşük, reytinqi yüksək olan
rəqiblərlə qarşılaşacağıq. İstəsək də, istəməsək də, güclü komandalarla
düşəcəyik. Serbiya ilə səfərdə və ya evdə qarşılaşmağın fərqi yoxdur.

– İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə F qrupunda
mübarizə aparacaqsınız. Nəyə ümid etmək olar?

– Ümid həmişə var. Baş məşqçi kimi yaxşı nəticələr qazanmağı, çox xal
toplamağı, daha yüksək yerlərdə qərarlaşmağı istəyirəm.

Source link