Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak
edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti
uzadılıb.
Cixisyolu.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən
tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il yanvarın 1-dək
veriləcək.
Əvvəl bu müddət 2024-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb
müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği
aşağıdakı kimi müəyyən edilib:
– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif)
maaşının 3 misli məbləğində;
– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji
materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli
məbləğində;
– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif)
maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.