effe2a2b-1e0a-475f-aae6-924f53722699..jpg

Baş nazirin müavini: “Azərbaycan “Vahid Çin” siyasətini davamlı olaraq dəstəkləyir”

Baxış sayı: 844 dəfə baxılıb.

Baş nazirin müavini: “Azərbaycan “Vahid Çin” siyasətini davamlı olaraq
dəstəkləyir”

“Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini daim
dəstəklədiyinə görə dost Çin Xalq Respublikasına təşəkkür edirik”.

APA xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda Çin
Xalq Respublikasının yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Azərbaycan da öz növbəsində “Vahid Çin” siyasətini davamlı olaraq
dəstəkləyir”, – Şahin Mustafayev əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, Çin Azərbaycanın əsas iqtisadi və ticarət
tərəfdaşlarından biridir:

“2022-ci ildə ticarət dövriyyəsinin həcmi 21 faizdən çox artaraq 2,2 milyard
ABŞ dolları olub. Bu müsbət dinamika cari ildə də davam edir. Yanvar-iyul
aylarında qarşılıqlı ticarət 41 faizdən çox artaraq 1,6 milyard ABŞ dollarını
üstələyib. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır.
Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Cari ilin əvvəlində
Çində sayca 4-cü Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib”.

Şahin Mustafayevin sözlərinə görə, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq
uğurla davam edir:

“Müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri
sırasındadır. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit
potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata
keçirilib. Bunun nəticəsində Azərbaycan regionun əsas nəqliyyat qovşağına
çevrilib. Avropanı Asiya ilə birləşdirən və Azərbaycan ərazisindən keçən
nəqliyyat dəhlizləri, yaradılmış infrastruktur, Bakı dəniz limanı,
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr Çindən Avropaya və geriyə
yük daşımaları üçün ən qısa nəqliyyat marşrutlarını təmin edir.

Eyni zamanda, Ələt Azad İqtisadi Zonası logistika, nəqliyyat baxımından çox
əlverişlidir, çünki Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Ələtin ərazisindən
keçir. Bütün bu layihələr Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin
təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər və Bir yol” layihəsinin mühüm
elementləri kimi çıxış edir.

Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan bu təşəbbüsü rəsmi şəkildə
dəstəkləyən ilk ölkələrdən biri olub. Əlbəttə ki, Azərbaycan torpaqlarının
işğaldan azad edilməsi ilə regionda nəqliyyat-kommunikasiya bağlantılarının
bərpası üçün böyükperspektivlər açılıb”.

Source link