8cd82cfe-f188-4d47-a42e-290c2fa8ae7b..jpg

Baş nazirin müavini: “Azərbaycan “yaşıl inkişaf”ın təşviqini də dəstəkləyir” – FOTO

Baxış sayı: 577 dəfə baxılıb.

Baş nazirin müavini: “Azərbaycan “yaşıl inkişaf”ın təşviqini də dəstəkləyir” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son illər Azərbaycanın Çin ilə iqtisadi əməkdaşlığı genişlənərək bütün
sahələrdə nəzərəçarpacaq inkişafa səbəb olub. Azərbaycan ilk dövrdən Çin Xalq
Respublikasının (ÇXR) Sədri Si Cinpinin iki ölkə arasında əlaqələri gücləndirən
və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradan “Bir kəmər, bir yol”
təşəbbüsünü dəstəkləyib. Azərbaycan bu təşəbbüsün əsas istiqamətlərindən biri
olan “yaşıl inkişaf”ın təşviqini də dəstəkləyir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin
Mustafayev 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil olunan Honçiao
Beynəlxalq İqtisadi Forumunun “Qlobal ekoloji sivilizasiyanın qurulması üçün
yaşıl investisiya və ticarətin inkişaf etdirilməsi” adlı plenar iclasında
çıxışı zamanı deyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR sədri Si
Cinpinin birgə səyləri sayəsində iki ölkə arasında siyasi dialoq və ənənəvi
dostluq möhkəmlənir, dövlətlərarası münasibətlər inkişaf edir, qarşılıqlı
faydalı iqtisadi əməkdaşlıq yaxşı dinamika nümayiş etdirir.

Yaşıl transformasiya prosesinə öz töhfəsini verən Azərbaycanın zəngin təbii
resurslara, coğrafi mövqeyinə görə nadir məkanda yerləşdiyini bildirən Baş
nazirin müavini əlavə edib ki, Azərbaycanın Avropa ilə Asiya arasında körpü
rolu oynaması ölkəmizə “yaşıl ticarət”i inkişaf etdirməyə imkan verir.

Azərbaycanın 2030-cu ilədək alternativ və bərpaolunan mənbələrdən əldə edilən
enerjinin həcmini 30 faizə çatdırmaqda qərarlı olduğunu bildirən Ş.Mustafayev
işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Prezident
İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası” konsepsiyası formatında
bərpa edildiyini, həmin ərazilərdə ən müasir texnologiya və konsepsiyaların, o
cümlədən “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı kənd təsərrüfatı” və “yaşıl
enerji”nin tətbiq olunduğunu diqqətə çatdırıb.

Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı haqqında məlumat verən
Baş nazirin müavini bildirib ki, bu sahə artıq Azərbaycanda xarici
investisiyaların əsas mənbəyinə çevrilib. O, Azərbaycandakı “yaşıl enerji”
layihələrində Çin şirkətləri ilə uğurlu əməkdaşlıq qurulduğunu deyib.

Ş.Mustafayev diqqətə çatdırıb ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı
və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Sazişə əsasən
Azərbaycanda istehsal edilən “yaşıl enerji” Avropaya nəql olunacaq.

Çinin Kommersiya Nazirliyinin, BMT-nin Ticarət və İnkişaf Konfransının
(UNCTAD), təşkilatın İnkişaf Proqramının birgə təşkil etdiyi plenar iclasda
Çinin kommersiya nazirinin müavini Lin Ci, UNCTAD-ın baş katibi Rebeka
Qrinspan, bir neçə ölkənin yüksək vəzifəli rəsmiləri də çıxış edərək iqtisadi
inkişaf ilə ətraf mühitin dayanıqlılığının balansının qorunmasının beynəlxalq
ictimaiyyətin ortaq missiyası olduğunu bildirib, “yaşıl inkişaf” məsələləri ilə
bağlı fikirlərini bölüşüblər.

Source link