Azərbaycanın icazəsi olmadan torpaqlarımıza kiminsə səfər etməsini qətiyyətlə pisləyirik. Bunu Azərbaycan ərazisinin sərhədlərinin pozulması və ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qiymətləndiririk.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın yenidən Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ATƏT bu məsələyə göz yummamalıdır:
“Beynəlxalq birlik və təşkilatların Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun və onların vəzifədə olan insanlarının bu cür hallara göz yummamağa və kəskin reaksiya bildirməyə dəvət edirik.
Əlbəttə ki, danışıqlar prosesinin getdiyi dövrdə bu cür səfərlər ümumi anlaşmanın yaranmasına mənfi təsir göstərir və tərəflər arasında qarşıdurmanı bir az da artırmış olur. Nəticədə, mövqelərin yaxınlaşması lazım olan sülh müqaviləsinin əldə edilməsi işinə mənfi təsirini göstərir”.
“Hesab edirəm ki, bütövlükdə bu cür halların yaşanmasının əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanın ərazisinin 20 faizə qədəri işğal altındadır. Ölkəmiz bu ərazilərə nəzarət edə bilmir. Beynəlxalq qurumlar isə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bilmir. Belə olan halda biz təbii ki, beynəlxalq qurumlardan tələb etmək məcburiyyətindəyik ki, bu cür halların qarşısını almaq üçün daha kəskin tədbirlər görsünlər. Müşahidəçi rolundan əl çəksinlər və real işlərlə məşğul olsunlar”, – deyə Əli Əhmədov qeyd edib.
İlhamə Əbülfət