Baş pediatrdan peyvənd xəbərdarlığı: Qərəzli fikirlərə inanmayın

Baş pediatrdan peyvənd xəbərdarlığı: Qərəzli fikirlərə inanmayın

Baxış sayı: 3. 045 dəfə baxılıb.

İsrail Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit Publika.az saytına müsahibə verib. 

ÇıxışYolu.Com-ın məlumatına görə, o, müsahibəsində autizm xəstəliyinin yaranma səbəbindən və onun yol açdığı fəsadlardan danışıb.

Bildirib ki, bu xəstəliyin əsas yaranma səbəblərindən biri də doğulan körpələrdə hepatit B-nin qarşısının alınması üçün vaxtsız vaksinlərin vurulmasıdır: 

Baş pediatrdan peyvənd xəbərdarlığı: Qərəzli fikirlərə inanmayın

“Körpə doğulan kimi ona hepatit B-yə qarşı vaksin vurulur ki, heç vaxt bu virusa yoluxmasın. Hepatit B bir insandan digərinə qanla ötürülür. Əvvəllər daimi tibbi şprislər vardı. Bir şprislə müəyyən müddət onlarla insana iynə vurulurdu.

Gigiyenaya əməl olunmurdu. 90-cı illərdən bəri isə tibdə yetərincə steril şərtlər mövcuddur. Birdəfəlik şprislər, təmizləyici unikal vasitələr var. Əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkirsə, yaxud ard-arda müxtəlif cərrahiyə əməliyyatları keçirirsə, ona qan köçürüləcək. O halda mən razıyam, bu vaksin edilməlidir.

Yox, bu problemlər yoxdursa, uşağın hepatit B-yə yaxalanmaq ehtimalı sıfıra bərabərdirsə, bunu etməyin mənası varmı? Hepatit də QİÇS kimi ötürülür. Fikir verin, QİÇS-ə qarşı peyvənd yoxdur axı… İndi sizdən soruşuram, bu peyvəndi edib, uşağı riskə atmağın mənası var?”

Mərkəz rəhbəri müsahibəsində peyvənddən sonra həmin uşaqlarda qəribə və sərt reaksiyaların yarandığını qeyd edib:

“Ömürlük immunitet mövcud olmadığına görə bu peyvəndi bir aydan sonra yenidən və yenidən vurdurmaq lazımdır. Yaş yarımına qədər uşağa üç, beş valentli vaksinlər də daxil olmaqla, 30-a yaxın peyvənd vurulur.

Nəticədə görürük ki, uşaq vurulan peyvəndə qəribə, bəzən də sərt reaksiyalar verir, öskürək, qızdırma, qıcolma ilə müşaiyət olunan bu durum bir sıra patologiyalara yol açır. Birdən-birə valideyn fərqinə varır ki, uşağın inkişafı geriləyir, aqressivləşir, danışanda qarşısındakının gözünə baxmır, başını divara çırpır.

Valideyn bunun səbəbini tapa bilmir. Bəlkə, vurdurduqları peyvəndlərdəndir? Heç düşünürlər bu haqda? Pediatr valideyni sakitləşdirir, “səbr edin, gözləyin, hər şey qaydasına düşəcək” deyir. Vəziyyət isə pisə doğru dəyişir. Və autizm yaranır”.

Mövzu ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev autizm xəstəliyinin yaranmasının peyvəndlə əlaqələndirilməsinin və bu haqda fikirlərin səsləndirilməsinin cəfəngiyat olduğunu deyib.

O qeyd edib ki, bu cür fikirlər doğuşa hazırlaşan qadınlarda narahatlıq yaradır:

Baş pediatrdan peyvənd xəbərdarlığı: Qərəzli fikirlərə inanmayın

“Autizm elə bir xəstəlikdir ki, onun nə müalicəsi, nə də hüquqi əsası var. İstər İsrail, istərsə də ABŞ həkiminin sözləri olsun, bununla bağlı olaraq, Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi normativlər var.

Həmin normativlərə uyğun olaraq dünyanın hər yerində vaksinasiya aparılır. Əgər bu işlər görülməsə, doğulan körpələrin yarıdan çoxu infeksiyadan dünyasını dəyişə bilər. Elə İsrailin özündə də vaksinasiya işləri görülür.

Autizmin yaranma səbəbinə gəldikdə, bunun nədən qaynaqlandığını hələlik qəti şəkildə deyən yoxdur. Ona görə də kimisi bunu vaksindən, kimisi ana bətnində olan infeksiyadan, kimisi isə irsi olaraq yarandığını deyir.

Məhz belə bir informasiya verərək, yeni doğulmuşların vaksinasiyasında müəyyən problemlər yaradan fikirlərin səsləndirilməsi düşünürəm ki, xoş niyyətdən xəbər vermir”.

Deputat verdiyi açıqlamada Milli Məclisin Səhiyyə komitəsində hər ilin aprel ayında autizmlə bağlı dinləmələrin keçirildiyini vurğulayıb:

“Bildiyiniz kimi, Milli Məclisin əsas işi qanun yazmaqdır. Düşünürəm ki, autizmlə bağlı ayrıca olaraq qanun yazmağa ehtiyac yoxdur. Zatən bizim əhalinin sağlamlığının qorunması, uşaqların sosial müdafiəsi, əlilliyin qarşısının alınması və s. ilə bağlı qanunlarımız mövcuddur.

Milli Məclis olaraq komitəmizdə hər ilin aprel ayında autizmlə bağlı dinləmələr keçirilir. Çünki bütün dünyada aprel ayının 2-si “Autizmlə Mübarizə Günü” kimi qeyd olunur. Son olaraq deyə bilərəm ki, autizmlə bağlı ayrıca qanun qəbul olunması üçün bu gün sosial sifariş və zərurət yoxdur”.

Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev səsləndirilən fikirləri qərəzli hesab edir:

Baş pediatrdan peyvənd xəbərdarlığı: Qərəzli fikirlərə inanmayın

“Autizmlə bağlı bir neçə il bundan öncə ingilis alimi fikir səsləndirmişdi. Sonradan məlum oldu ki, bu, yalnız qərəzli xarakter daşıyır. Araşdırma zamanı həmin şəxsin bir şirkətlə əlbir olub, digər şirkətə zərbə vurmaq məqsədilə bu fikirləri dediyi məlum olmuşdu.

Ümumiyyətlə, onu deyə bilərəm ki, autizm xəstəliyinin yaranmasının heç bir elmi əsası yoxdur. Autizmin yaranmasının səbəbi kimi peyvəndi nümunə gətirmək düzgün deyil. 

Bildiyimiz kimi, peyvənd VII əsrdən etibarən mövcuddur. Bu günə qədər dünyada onun başqa alternativi yoxdur. Məsləhət görərdim ki, hamilə qadınlar bu cür fikirlərə görə heç bir narahatlıq keçirməsin.

Azərbaycanda bir sıra xəstəliklərin olmamasının əsas səbəbi peyvəndlərin vurulmasıdır. Ona görə vaksinasiya vacibdir. Məhz bu səbəbdən hər birimiz yayımlanan bu fikirlərin cəmiyyətdə narahatlıq yaratmaması üçün mübarizə aparmalıyıq”.

.
www.ÇıxışYolu.Com