df07edde-a884-4a1d-8f5a-75d0ea9cf669..jpg

Baş plan çərçivəsində Kəlbəcərdə hansı işlər görüləcək? – FOTO

Baxış sayı: 694 dəfə baxılıb.

Baş plan çərçivəsində Kəlbəcərdə hansı işlər görüləcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235
nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş
planı” təsdiq edilib.

Otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş plan
konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi,
tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Plan Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sifarişi ilə şəhərsalma sahəsində irimiqyaslı
layihələrin müəllifi olan İsveçrənin “sa partners” şirkətinin və Bakı Dövlət
Layihə İnstitutunun təcrübəli mütəxəssisləri tərəfindən hazırlanıb.

Baş plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və
yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki
əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi
planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində
şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş
nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.

Qeyd edək ki, şəhərin işğaldan əvvəlki (1969-cu ildə tərtib edilən) son Baş
planında ərazisi 130 ha, əhalisinin sayı isə 7 500 nəfər təşkil etdiyi halda,
2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox
artacaq (290 hektara yaxın ərazi, 17 000 nəfər əhali). Şəhərin mərkəzi
ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə
fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək ki, bunun da
böyük hissəsi (421 min kvadratmetr) fərdi yaşayış evlərinin, 46 min
kvadratmetri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən
2040-cı ilədək əhalinin 4 250 mənzillə (adambaşına 25 kvadratmetr) təmin
olunması nəzərdə tutulub.

Şəhərdə, həmçinin dörd məktəb (960 şagird yerlik), dörd uşaq bağçası (520
yerlik), iki xəstəxana (160 çarpayılıq), bir reabilitasiya mərkəzi (150
çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə
obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha
sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq.
Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin
adambaşına düşən norması 7-10 kvadratmetr nəzərdə tutulduğu halda, Kəlbəcər
şəhərində bu göstərici 33 kvadratmetr təşkil edəcək.

Baş plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar
tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22
km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına
çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı
bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək.
Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.

Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd
təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu”
sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin
inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin
dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.

Source link