c6e7bd67-541a-457b-a69f-e1a6a71bde09..jpg

Baş prokuror: “Vaqif Xaçatryan barəsində cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib”

Baxış sayı: 608 dəfə baxılıb.

Baş prokuror: “Vaqif Xaçatryan barəsində cinayət işi Bakı Hərbi Məhkəməsinə
göndərilib”

“Vaqif Xaçatryan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq
baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib”.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının baş prokuroru Kamran
Əliyev deyib.

Baş prokuror bildirib ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi
rayonunda yaşayan, həmçinin, Ermənistan Respublikasından gəlmiş millətçi
ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin
tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində
yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin
salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb, iki nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub:

“12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezi Xaçatryan barəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən
şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il
tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs
qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək
müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezi Xaçatryan səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın
29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün
aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib”.

Baş prokuror vurğulayıb ki, Vaqif Xaçatryana cinayət qanunvericiliyinə uyğun
olaraq ədalətli cəza verilməsi təmin ediləcək.

Source link