b3cf99ce-bf75-4c41-9877-9e1cb30ae951..jpg

Baş Prokurorluq biznesmenin kürəkəni ilə bağlı protest verdi

Baxış sayı: 658 dəfə baxılıb.

Baş Prokurorluq biznesmenin kürəkəni ilə bağlı protest verdi

Prokurorluq Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad
Kəlbəliyevin hökmündən protest verib.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat
Xidmətindən bildirilib.

“Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət
Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına
dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş
Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib”, – məlumatda
qeyd olunub.

Qeyd edək ki, 2021-ci il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi
rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə
etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo
Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri –
paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis
Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada
tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin
263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi
ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya
Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Bu ilin fevralında müdafiə tərəfi
və zərərçəkmiş şəxslərin hüquqi varislərinin şikayəti ilə Ali Məhkəmə
apellyasiya məhkəməsinin qərarını tamamilə ləğv edərək, işi geri qaytarıb.

Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə birinci instansiya məhkəməsinin
hökmü dəyişdirilib. Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti
tərəflərin fikirlərini dinlədikdən, təqdim edilən sübutlara qiymət verdikdən
sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıb.
Qərara əsasən, E.Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi
Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində
çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

Source link