0cfda849-2925-4458-8a7e-f33837af57db..jpg

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – FOTO

Baxış sayı: 652 dəfə baxılıb.

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və
qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Prokurorluqdan verilən məlumata görə, Baş Prokurorluğun rəhbərliyi ulu öndər
Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin
ehtiramla yad edib.

Bundan sonra ulu öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev
irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə
çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu
mənada möhtərəm Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan
edilməsi barədə Sərəncam imzalaması ümummilli liderimizin əziz xatirəsini
əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Vurğulanıb ki, ulu öndərin respublikamıza ilk rəhbərlik etdiyi 1969-1982-ci
illərdə onun təşəbbüsü və ciddi səyləri nəticəsində yüzlərlə zavod, fabrik,
istehsalat sahələri yaradılmış, 250-dən çox İttifaq miqyaslı sənaye
müəssisələri fəaliyyətə başlamışdır. Məhz həmin dövrdən Heydər Əliyev öz
xalqının öndəri olduğunu özünün konkret siyasi-idarəçilik fəaliyyəti ilə sübuta
yetirməklə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl qoyub.

Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə
siyasi hakimiyyətə qayıdışı tariximizin hərc-mərclik, ağır tənəzzül illərinə,
uğursuz müharibə, Azərbaycan torpaqlarının bölüşdürülməsi planlarının
reallaşması, torpaqlarımızın düşmənə təslim edilməsi dövrünə təsadüf etmişdir.
Məhz bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etmiş, Azərbaycanı
parçalanıb yox olmaq təhlükəsindən qurtarmışdır. Onun qətiyyəti xalqa ruh
yüksəkliyi gətirmiş, inamını özünə qaytarıb.

Xüsusilə vurğulanmışdır ki, məhz tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə
başlanılmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması
istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Tədbirdə çıxış edən Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti
orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların
icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov ulu öndərin siyasi hakimiyyətə
gəldiyi ilk illərindən başlayaraq Qarabağda sosial infrastruktur qurulmağa
başlandığını, bölgənin mənəvi-siyasi həyatının dəyişməsi istiqamətində həyata
keçirilmiş islahatlar nəticəsində Azərbaycanın digər əraziləri ilə yanaşı
Qarabağda da sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər
sahələrin inkşaf etdiyini bildirib.

Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər
Əliyev ideyalarına sadiq qalmaqla ulu öndərin siyasi irsinin layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək
etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli
maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən
qorunmasına səfərbər edəcəklərini bildirib.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Liderin ürəyi”
sənədli filmi izlənilib.

Source link