7c219a4c-1518-4347-be69-f80cde03d75f.webp

Baş Prokurorluqdan ailə üzvlərini qətlə yetirən Əhmədlə bağlı AÇIQLAMA: “Ciddi müalicə təyin edilib”

Baxış sayı: 250 dəfə baxılıb.

“Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhməd Mehman oğlu
Əhmədova Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş psixi pozuntusu
olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü –
ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında
məcburi müalicə təyin edilib”.

“Report” xəbər verir ki, bunu Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi
üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə
şöbəsinin prokuroru Orxan Səmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə
tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhməd Mehman oğlu
Əhmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair
icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb:

“Məhkəmə baxışında Əhməd Mehman oğlu Əhmədovun əziyyət çəkdiyi şizofreniya
paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik
hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Mehman
Əhməd oğlu Əhmədovu, bacısı Elmira Mehman qızı Əhmədova, sonuncunun azyaşlı
qızı 2021-ci il təvəllüdlü Ülviyyə Sərxan qızı Niftəliyevanı, anası Pikə Bədəl
qızı Əhmədovanı və 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Mehman oğlu Əhmədovu
xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib.

Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik
ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov
Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya
paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik
hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin
faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək
iqtidarında olmadığı müəyyən edilib. Eyni zamanda hazırkı psixi vəziyyətinə
görə Ə.M.Əhmədova özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq
stasionar şəraitdə məcburi müalicə təyin olunub.

Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi
zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin
müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz
əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət
məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə
ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu məcəllə
ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Əhməd Mehman oğlu Əhmədovun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən
və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir.
Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi
müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına
yerləşdiriləcək.

Eyni zamanda qeyd etmək istəyirəm ki, qanunvericilikdə müəyyən edilmiş
hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir
gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə kimi hesablanır”.

Source link