2009-cu ildə sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında
boğazı kəsilərək öldürülən 17 yaşlı Münəvvər Karabulutun qatili ilə bağlı
araşdırma davam edir.
Karabulut ailəsinin tələbi üzərinə 10 il sonra məzarı açılan qatil Cem
Qaripoğlunun
məzarından götürülən sümük nümunələrinin məhkəmə-tibb ekspertizası başa çatıb.
Bu barədə Cixisyolu.com NTV.com.tr-yə istinadən xəbər verir.
Silivri Respublika Prokurorluğu məzardakı sümüklərdən götürülən DNT-nin Cem
Qaripoğlunun valideynlərinin DNT-si ilə birbaşa uyğun olduğunu açıqlayıb.
Xatırladaq ki, 2009-cu il martın 3-də lisey şagirdi olan Münəvvər Karabulut
sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək
öldürülüb
. 17 yaşlı Karabulutun cansız bədəni parçalanmış şəkildə gitara qutusuna
qoyulub və Etiler rayonunda zibil konteynerinə atılıb. Qızın meyiti zibil yığan
şəxs tərəfindən aşkar edilib.
Münəvvər Karabulutu vəhşicəsinə qətlə yetirən Cem Qaripoğlu isə 2014-cü ildə
qaldığı Silivri həbsxanasında intihar edib.
Lakin son 10 ildə onun ölümü ilə bağlı bir çox iddialar ortaya atılıb ki,
bunlardan biri də Qaripoğlunun ölmədiyi və məzarda başqa cəsədin basdırıla
biləcəyi ehtimalı olub. Bu səbəbdən də Qaripoğlunun məzarının açılmasına qərar
verilib. Qəbirdən çıxarılan kəllə sümüyü, digər sümüklər və dişlər araşdırılıb.
“İstanbul Ədliyyə Tibb Qurumunun mütəxəssisləri tərəfindən aparılan
araşdırmalardan sonra Biologiya İxtisaslaşma şöbəsində sümük, diş və bütün
digər nümunələr üzərində böyük dəqiqliklə DNT müayinələri aparılıb. Həyata
keçirilən prosedurlar nəticəsində məzardan çıxarılan nümunələrin ata Mehmet
Nida və ana Tülay Makbulenin ortaq övladı Cem Qaripoğluna aid olduğu, həmçinin
bu şəxsin 2014-cü ildə aparılan yarılmadan sonra intihar etdiyi müəyyən edilən
şəxslə eyni DNT profilinə sahib olduğu aydınlaşıb”, – deyə Silivri Respublika
Prokurorluğundan bildirilib.