Atasını tamah məqsədilə öldürmək istəyən oğulun məhkəmə prosesi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 28, 120-ci maddəsinin bir
neçə bəndi ilə təqsirli bilinən dəstənin məhkəmə prosesinin hazırlıq iclası
oktyabrın 23-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Cinayət işində
üç nəfər – Fəqan Xələf oğlu Fərəcov, İlkin Yavər oğlu Hüseynov və Fariz Eldar
oğlu İsmayılov təqsirləndirilən şəxs, iki nəfər – Xələf Gülmalı oğlu Fərəcov və
Zamiq Elxan oğlu Sadıqov isə zərərçəkən şəxs qismində tanınıb.
Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun
İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova
sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir
olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz
iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri
sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı
şübhələr müəyyən edilib.
Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış
sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin
təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam
öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və
digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin məcəllənin 28,
120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları
ilə həbs qətimkan tədbiri seçilib.